"Payments Innovation": İnsanların kriptovalyuta əsaslı aktivlərə ehtiyatlı yanaşması başa düşüləndir
- 09 iyun, 2026
- 16:35
Kriptovalyuta bazarında yaşanan itkilər səbəbindən insanların yeni rəqəmsal aktivlərə ehtiyatla yanaşması təbiidir.
"Report" xəbər verir ki, bunu "Payments Innovation" konsaltinq şirkətinin baş icraçı direktoru (CEO) Mixael Salmoni (Michael Salmony) "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.
Onun sözlərinə görə, bir çox investor keçmişdə kriptovalyutalara yatırdığı vəsaitləri itirdiyi üçün bu sahəyə qarşı inamsızlıq formalaşıb.
"Ancaq burada söhbət ənənəvi kriptovalyuta spekulyasiyasından getmir. Söhbət tənzimlənən və təhlükəsiz rəqəmsal pul modellərindən gedir. Bu sistem mərkəzi banklar, kommersiya bankları və digər maliyyə institutları tərəfindən dəstəklənir və tamamilə yeni maliyyə ekosistemi yaradır.
Hazırda bu sahənin əsas istifadəçiləri maliyyə institutları, banklar və korporativ müştərilərdir. Yəni inkişafın ilk mərhələsi B2B (biznesdən-biznesə) və korporativ seqment üzərində qurulur.
Bu model genişləndikcə və iştirakçılar yeni sistemə daha çox etibar etdikcə, pərakəndə istifadəçilərin də prosesə qoşulacağı gözlənilir. Ümid edirik ki, bu inkişaf yalnız böyük texnologiya şirkətlərinin təşəbbüsü ilə məhdudlaşmayacaq və digər bazar iştirakçıları da ekosistemin formalaşmasına töhfə verəcəklər".
M. Salmoni qeyd edib, hazırda əsas diqqət institusional, korporativ və B2B istifadə istiqamətinə yönəlib: "Növbəti mərhələ isə pərakəndə istifadəçilərin cəlb olunması olacaq. Bunun üçün ən vacib amil etimadın formalaşdırılmasıdır və bu prosesdə bankların rolu xüsusi əhəmiyyət daşıyır".