Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün imzalanmış əməkdaşlıq razılaşması ilə “Nar” və ADA Universiteti mövcud əməkdaşlığı genişləndirməyə qərar veriblər.
Bu barədə “Report”a “Nar”dan məlumat verilib.
Nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıq, startap layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.
Razılaşmanın imzalanma mərasimində “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke ADA Universiteti ilə əməkdaşlığın “Nar”ın irimiqyaslı korporativ sosial məsuliyyət layihələrinin reallaşdırılması baxımından böyük perspektivlər vəd etdiyini bildirib.
“Mən inanıram ki, bu məhsuldar tərəfdaşlıq platformu ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə və yeni innovativ layihələrin inkişafına böyük töhfə verəcək”, - deyə cənab Panke qeyd edib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə elm və təhsil layihələrinin “Nar”ın sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirildiyi üçün mobil operator nümayəndələrinə minnətdarlığını bildirib: “ADA-nın təklif etdiyi karyerayönümlü müasir akademik proqramlar nəzəriyyə ilə təcrübəni bir araya gətirir. Bu mənada, “Nar”ın öz sahəsi üzrə geniş təcrübəyə malik peşəkarlarının tələbələrimizlə quracaqları ünsiyyətin böyük fayda verəcəyinə biz də inanırıq”.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri kimi təhsil və maariflənmənin inkişafına dəstək çərçivəsində təhsil müəssisələri və müvafiq qurumlarla tərəfdaşlıq münasibətləri qurub, tələbələr üçün həvəsləndirici aksiyalar keçirib, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edib.
“Nar”ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.