Bakı. 29 oktyabr. REPORT.AZ/ Yaponiyadakı Taneqasima kosmodromundan “KhalifaSat” adlı ilk ərəb peyki orbitə çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və baş naziri, Dubay əmirliyinin hökmdarı Məhəmməd ibn Rəşid əl-Məktum "Twitter" də yazıb.
“100 faiz əmirliklilərin əlləri ilə ərsəyə gətirilmiş ilk ərəb peyki olan “KhalifaSat”in buraxılması BƏƏ üçün tarixi gündür”, - o qeyd edib.
“H-2A” raketi vasitəsilə qaldırılan “KhalifaSat” BƏƏ ərazisində bütövlükdə yerli alim və mühəndislər tərəfindən layihələndirilərək hazırlanmış ilk peykdir. Peyk üzərində 70 mühəndis çalışıb, onlardan 10 nəfəri Yaponiyada hazır peykin uçurulmasına hazırlıq işlərinə nəzarət edib. 330 kilo çəkisi olan peyk Yer kürəsinin səthini müşahidə edəcək.