Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanda istifadəçilərin böyük hissəsi, təxminən, 74%-i etiraf edib ki, kibertəhlükəsizlik məsələlərində məlumatlı olmasalar da, antivirus proqramları quraşdırmaqda elə də maraqlı deyillər.
“Report” xəbər verir ki, bu məlumatlar Azərbaycanda “Kaspersky Lab” tərəfindən fərdi istifadəçilər arasında keçirilən araşdırma zamanı əldə edilib.
“Kaspersky Lab” şirkətinin məlumatına əsasən, 2018-ci ildə hər ikinci azərbaycanlı istifadəçi (50,1%) müxtəlif növ lokal təhlükələrlə rastlaşıb, 36%-i isə internetdə hücumlara məruz qalıb. Bütün bunlara baxmayaraq, istifadəçilərin yarıdan çoxu evdə istifadə olunan cihazlarına antivirus quraşdırmaqda maraqlı deyillər. Kibertəhlükəsizliyi təmin etmək üçün respondentlərin 76%-i şəxsi konfidensial məlumatlarını qorumaq və onlara vahid çıxışa sahib olmaq istədiklərini bildiriblər. Bundan başqa, sorğu iştirakçılarının 68%-i qeyd edib ki, özləri və ailələri üçün internetdən təhlükəsiz istifadə ilə bağlı sadə və başa düşülən materiallardan istifadə etməkdə maraqlıdırlar. Ailə üzvlərinin lokasiyasını müəyyən edən tətbiqdən istifadə haqqında söhbət düşdükdə isə, respondentlər cavablarına görə iki bərabər qrupa bölünüblər.
Mobil cihazlardan istifadə zamanı Azərbaycanda istifadəçilərin 62%-i böyük məmnuniyyətlə, bezdirici kontenti, daha dəqiq desək, aruzolunmaz ismarıcları, spam, banner reklamlarını bloka atmaq istədiklərini bildirib. 60% respondent isə öz mobil operatorlarından ödənişli abunəliklərlə bağlı əvvəlcədən xəbərdarlıq almaq istəyir.
“Ünsiyyət, alış-veriş, məzuniyyətin planlaşdırılması, sevimli yeni və köhnə film axşamları, oyunlar və musiqi, son dövrlərdə isə ev üçün müxtəlif cihaz və sistemlərin idarəedilməsi – bütün bunlar artıq internet və digər rəqəmsal həllər sayəsində hər zaman əlçatandır. Cinayətkarların pis niyətlərinə görə biz özümüzü bu rahatlıqlardan məhrum etməli deyilik. Bir çox hallarda istifadəçilər öz rəqəmsal cihazlarının təhlükəsizliyinə nəzarət edə bilərlər: sistem tərəfindən qoyulmuş şifrələri etibarlı şifrələrlə əvəz etmək, daha ayıq-sayıq davranmaq və mütləq şəkildə bütün cihazlarda müasir müdafiə həllərindən istifadə etmək lazımdır. Biz isə öz növbəmizdə kibertəhlükələr landşaftındakı dəyişiklikləri ciddi şəkildə izləyir və kibercinayətkarların qarşısını almaq, yeni ağıllı sistemləri və istifadəçiləri qorumaq üçün əlimizdən gələni edirik”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Qeyd edək ki, araşdırma “Kaspersky Lab” şirkətinin sifarişi ilə ERA şirkəti tərəfindən 2018-ci ildə keçirilib. Fərdi müsahibələr zamanı Azərbaycandan 18-65 yaş aralığında 300 aktiv internet istifadəçisi sorğuya alınıb.