Azərbaycan süni intellektə əsaslanan texnologiyalardan istifadə etməklə kibertəhlükələrə cavab vermək qabiliyyətini artıra bilər.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayev Bakıda keçirilən "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" adlı təlimin açılış mərasimində bildirib.
"Rəqəmsal dövr özü ilə yeni fürsətlərlə yanaşı, həm də yeni çağırışlar və problemlər gətirir. Simsiz rabitə rəqəmsal dünyada xüsusi təyinatlı sistemlərdə, kritik infrastrukturlarda, xüsusən də "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarında, eləcə də gündəlik həyatın hər bir sahəsində önəmli rol oynayır. Bununla yanaşı, bu sistemləri hədəfləyən kibertəhdidlərin artan mürəkkəbliyi milli təhlükəsizlik və iqtisadi rifah üçün ciddi problemlər yarada bilir", - deyə o qeyd edib.
"Süni intellekt bizə kibermüdafiə strategiyalarımızı gücləndirmək, təhdidləri avtomatik aşkarlamaq, böyük məlumat axınlarını analiz etmək və zəiflikləri daha çevik və dəqiq müəyyənləşdirmək üçün misilsiz imkanlar verir. Süni intellektə əsaslanan texnologiyalardan istifadə etməklə biz real vaxt rejimində kibertəhlükələri aşkar etmək, onların qarşısını almaq və onlara cavab vermək qabiliyyətimizi artıra bilərik.
Bu təlim proqramı təkcə milli təhlükəsizlik üçün deyil, həm də müasir iqtisadiyyatların dayanıqlılığı üçün vacib olan simsiz rabitə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə süni intellektdən istifadə bacarıqlarının inkişaf etdirilməsinə yönəlib",-deyə İ.Musayev əlavə edib.