İnnovasiyalar Agentliyi Cənubi Koreyadakı təlimdə təmsil olunur
- 09 avqust, 2019
- 09:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin əməkdaşı Bəhruz Babayev Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) CIAT proqramı çərçivəsində təşkil etdiyi “Texnologiya Parklarının Planlaşdırma və İnkişafı Siyasəti: Texnologiyanın Transferi və Kommersiyalaşdırılması“ mövzusunda təlimdə iştirak edir.
Bu barədə “Report”a Agentlikdən bildirilib.
İyulun 24-dən başlamış və avqustun 15-nə qədər davam edəcək təlimi Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu təşkil edib. Təlimdə 6 ölkədən müxtəlif əlaqəli dövlət qurumlarını təmsil edən nümayəndələr iştirak edir.
Proqram zamanı B.Babayev texnologiya transferi, Koreya texnologiya parklarının strategiya və fəaliyyəti, texnologiya kommersiyalaşdırılması, marketinqi və qiymətləndirilməsi, startaplara dəstək proqramlarının menecmenti, intellektual əmlakın menecmenti və digər əlaqəli mövzularda praktiki dərslərdə iştirak edəcək. Eyni zamanda, proqram çərçivəsində LG və Samsung kimi böyük şirkətlərə, habelə aparıcı texnologiya parklarına səfərlər təşkil ediləcək, əməkdaşlıq müzakirə olunacaq.