Elm və Təhsil Nazirliyi ekoloji tədbirlər çərçivəsində ölkə üzrə ümumitəhsil və məktəbəqədər təhsil müəssisələrində suyun təkrar istifadə olunması məsələsini araşdırır.
"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil üzrə İKT rəhbərinin müavini Zaur Kazımov “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.
"Təbii ki, söhbət bağ-bağçanı suvarmaq üçün nəzərdə tutulan texniki sudan gedir. Bundan başqa, istilik və elektrik enerjisinin təhsil müəssisəsi daxilində fərqliləşdirilmiş şəkildə istifadəsidir. Məsələn qeyri-iş günlərində avtomatik yanıb-sönməsi, harda istiliyə ehtiyacın olmasını avtomatik təyin etməsi funksiyaları düşünülür. Eyni zamanda elektrik enerjisinin istifadəsi də avtomatlaşdırılacaq, yəni avtomatik şəkildə işığa ehtiyacın müəyyənləşdirilməsi sistemi tətbiq ediləcək", - Z. Kazımov qeyd edib.
Onun sözlərinə görə, ekoloji sahədə tədbirlərdən biri də vətəndaşlar üçün xidmətlərin elektronlaşdırılmasıdır: "Bizdə təhsil sistemi pillələrə bölündüyü üçün hamısını elektronlaşdırılması üçün çox zaman lazımdır. Bundan başqa, cari dərsliklərin elektron formada olmasına önəm veririk. Hazırda rəqəmsal bacarıqlar tədris olunur, lakin, bu, ölkəni tam əhatə etməyib.Onun əhatəsi İlbəil artırılır.
Əsas istiqamətlərdən biri də kütləvi şəkildə kağızdan istifadənin minimuma endirilməsidir. Dərsliklərin özü də kağızdan hazırlanır, bu gün onu yığışdıra bilmirik, ancaq məktəb daxilində istifadə edilən kağızı minimuma endirə bilərik".