Ekspert: "İnternetin sürət və keyfiyyətinin artması üçün yeni investisiyalara ehtiyac var"

Ekspert: "İnternetin sürət və keyfiyyətinin artması üçün yeni investisiyalara ehtiyac var" “Bildiyiniz kimi hər ay “Ookla” şirkəti “Speedtest Qlobal İndex” hesabatını açıqlayır.
İKT
17 Sentyabr , 2021 12:04
Ekspert: İnternetin sürət və keyfiyyətinin artması üçün yeni investisiyalara ehtiyac var

“Bildiyiniz kimi hər ay “Ookla” şirkəti “Speedtest Qlobal İndex” hesabatını açıqlayır. Avqust ayı üçün açıqlanan nəticələrdə Azərbaycan mobil internet sürəti üzrə sıralamada 4 pillə irəliləyib və 39,25 MB/S sürətlə 62-ci pillədə qərarlaşıb, sabit genişzolaqlı internet üzrə isə 25,36 Mbps sürət ilə 124-cü sırada yer almaqdadır.

“Speedtest Global Index TM” ölkələr üzrə mobil və sabit genişzolaqlı internet sürətlərini aylıq yayımlamağa başladıqdan sonra - təxminən 2017-ci ildən etibarən internetin sürəti və keyfiyyətinin artırılmasında bəzi ölkələrdə ciddi işlər getdiyinin şahidi oluruq. Hər dəfə siyahılarda ölkələrin yerdəyişməsində bunu müşahidə etmək olur”.

“Report” xəbər verir ki, bunu son zamanlar dünya ölkələrində internetə tələbatın artması və internetin orta sürətinin yüksəlməsi ilə bağlı məsələləri şərh edən İKT üzrə ekspert Elvin Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycanda keyfiyyətli internetin əlçatan olması ilə bağlı ölkə rəhbərliyi ciddi işlər görür: “Öncəki illərdə dövlət başçısı ölkədə internetin sürətinin və keyfiyyətinin artırılması barədə dəfələrlə tapşırıqlar verib və bu istiqamətə kifayət qədər dövlət investisiyası xərclənib. Bütün istiqamətlərdə şəhər və ən ucqar kəndlərinə genişzolaqlı internetin çəkilməsi üçün dövlət vəsaiti xərclənib. Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə internet fundamental ehtiyaclardan biri halına gəlib və zəruri həddə çatıb.

Rəqəmsal dünyanın nemətlərində faydalanmaq üçün yeni müasir və gələcəyə hesablanmış texnologiyalar əsasında ölkə üzrə ciddi işlər görülməlidir.

Bəzən ən böyük səhv qısa müddətli perspektivləri hesablanmış və nəticə verməyə yönəlik görülən işlər olur. Bu işlər ya təqdimat xarakterli olur, ya da hesabat xarakterli. Bu səbəbdən də görülən işlər dayanıqlıq və inkişafa töhfə verəcək əsaslı işlər sayıla bilməz”.

Ekspert hesab edir ki, bütün bunlarla yanaşı internetin sürətinin və keyfiyyətinin artırılması üçün yeni investisiyalara ehtiyac var: “Ölkəmizdə bu istiqamətdə perspektivli işlər görülməsi üçün və dünya rəqabətliyində ön sıralara qalxmağımız üçün fundamental deyişikliklərə ehtiyac var və ciddi investisiya tələb edir.

Bu işi dövlət öz hesabına da görə bilər, yaxud provayderlər arasında bölgü edib onlara bölgələr təyin edərək bir necə illik xidmət haqqı imkanı yaradaraq, vahid texnologiya standartları tələbi ilə birgə iş apara bilər. Istənilən halda ölkəmizdə bu işin ərsəyə gəlməsi üçün geniş imkan yaradılıb, sadəcə düzgün layihələndirmə edərək yenidən qurma işlərini həyata keçirilməlidir.

Bir çox ölkələrdəki nüfuzlu qurumların hazırladığı ayrı-ayrı hesabatları incələdiyimizdə bu istiqamətdə son illər nə qədər ciddi işlər görüldüyü görmək mümkündür. Ölkəmizdə 44 günlük 2-ci Qarabağ müharibəsindən sonra Böyük Qaydışı mərhələsi başlayıb. Bu bizə yenidən quruculuq işlər üçün çox əhəmiyyətli bir fürsətdir. Biz ən son texnologiyalardan istifadə edərək yeni “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin qurulmasına start vermişik və məlumdur ki, orada əsas məsələlərdən biri də sürətli və keyfiyyətli internetin çəkilməsi olacaq.

Bəzən insanlar düşünürlər ki, sürətli və keyfiyyətli internetin olması üçün bizə genişzolaqlı xəttin (fiberoptik) olması kifayyətdir. Əslində isə bu yanlış düşüncədir. Bu işin sadəcə görünən, ən asan başa gələn hissəsidir. Əsas məsələ qurumlarda və provayderlərdə istismarda olan texniki avadanlıqların müasir texnologiyalara cavab verməsidir. Həmçinin bu avadanlıqlarla işləyən mütəxəssislərin də bilik və bacarığı bizə çatan internetin keyfiyyətində öz sözünü deyir. Düzgün işləməyən və yaxud düzgün tənzimlənməyən avadanlıqların arasındakı fiberoptik xətlər bizə bir fayda verməyəcək.

Həmçinin də Qarabağda sürətli internetin olması üçün oraya çəkilən genişzolaqlı xətlə və orada müasir avadanlıqların qurulması kifayət etməyəcək. Əsas məsələ mərkəzə fokuslanmaqdır. Bu istiqamətdə ilkin quruculuq və ya bərpa işləri mərkəzə yönləndirilməlidir.

Bir faktı da nəzərə almalıyıq ki, gələcəkdə hər bir şey internetlə olacaq. Artıq bir sıra ölkələrdə fəaliyyət göstərən assosiasiyaların bu barədə araşdırmaları var. “Əşyaların interneti” (Internet of Things – IO) və 5G texnologiyaları dünya düzəyinə yeni xüsusiyyətlər gətirəcək. Məhz bu həm də pilotsuz avtomobillərin fəaliyyətinə şərait yaradacaq. Bir sözlə süni intellektlə işləyən avadanlıqların geniş inkişafına imkan yaranır. Artıq hesabatlarda ölkələrdəki internetin sürətinin göstərilməsi dövlətlərarası rəqabəti başqa müstəviyə keçirir. Ölkələr digərlərinin hansı müstəvidə inkişaf etdiyini görür və öz fəaliyyətlərini də buna uyğun qururlar. Yəni həmin ölkələrlə bilik, məlumat mübadiləsi edirlər”.

Son xəbərlər

Orphus sistemi