Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov “Report” İnformasiya Agentliyinə müsahibə verib. Müsahibə zamanı “Azərpoçt”un imza atdığı yeniliklər, rəqəmsallaşma və poçt-karqo bazarındakı yeniliklər, həmçinin gələcək planlar haqıında danışılıb.
Həmin müsahibəni təqdim edirik.
- Əfqan müəllim, artıq 2022-ci ilin sonuna bir neçə gün qalıb. Ötən iki ili zərərlə başa vuran “Azərpoçt” MMC bu ili necə yekunlaşdıracaq?
- Əgər son 3 ili təhlil etsək, görərik ki, “Azərpoçt” 2020-ci ili xeyli zərərlə başa vurub. 2021-ci ildən başlatdığımız islahatlar nəticəsində, zamanımızın az olmasına baxmayaraq, zərərin həcmini xeyli aşağı sala bildik.
Həmin vaxtdan başlanan və bu il də davam etdirilən tədbirlər nəticəsində biz 2022-ci ili mənfəətlə bitirəcəyik. Hələ ilin son ayı bitmədiyi üçün konkret rəqəmləri demək mümkün deyil. Amma mən maliyyə uçotumuza əsaslanaraq təxmin edilən göstəriciləri deyə bilərəm.
Məlumat üçün deyim ki, beynəlxalq maliyyə hesabatlılığı standartlarına görə maliyyə qurumları müəyyən ehtiyatlar da yaratmalıdırlar. Bu gün biz bu ehtiyatların üzərində hesablamalar aparırıq və bunu xarici auditorla razılaşdırmaq istəyirik. Təxminən, növbəti ilin mart ayında auditin aparılması və may-iyun aylarında onun dərc edilməsi gözlənilir.
Amma biz daxildə bir komanda yaratmışıq. Hansı ki, onlar kənar auditor gəlmədən faktiki olaraq bizim hesabatları beynəlxalq standartlara uyğun hazırlayır. Bundan irəli gələrək deyə bilərəm ki, biz bu ili təxminən 3,5-4 milyon manat mənfəətlə bitirəcəyik.
Siz əgər “Azərpoçt”un son 5-6 ildəki hesabatlarına baxsanız görərsiniz ki, belə göstərici heç vaxt olmayıb. Burada söhbət yalnız zərərdən çıxamaqdan getmir, eyni zamanda gəlirin də hansı mənbələrdən formalaşmasından gedir.
- Dövlət müəssisəsi olan “Azərpoçt”un sosial məsuliyyəti də var. Aparılan islahatlar və optimallaşma nəticəsində işsiz qalan əməkdaşların yenidən işlə təmin edilməsi, yaxud sosial təminatının yaxşılaşdırılması istiqamətində hansı addımlar atılır?
- Bu mövzu kifayət qədər geniş mövzudur. Dövlət müəssisəsi olan “Azərpoçt”a sizin və ya ictimaiyyətin yanaşması fərqli ola bilər. Yuxarıda səsləndirdiyim rəqəmlərlə yanaşı dövlət tərəfindən “Azərpoçt”a müxtəlif illərdə ayrılan subsidiyanın məbləğinə də diqqət yetirmək lazımdır. Elə il olub ki, il ərzində "Azərpoçt"a 3-4 milyon manat dövlət büdcəsindən subsidiya ayrılıb.
Gəlin indi buna dövlətin prizmasından baxaq: Bizim “Azərpoçt”dan gözləntimiz nədir? – Cavab sadədir: keyfiyyətli xidmət və vətəndaşın məmnuniyyəti. Bunlar nəyin əsasında baş verir? Özü-özünü maliyyələşdirə bilmə gücünün əsasında.
İndi gəlin mövcud vəziyyətə baxaq:
Bizdə elə şöbələr var ki, onlar arasında məsafə 1-1,5 km-dir. Belə şöbələrin iş yükü olmadığı halda, o şöbənin xərclərinin qarşılanması nə dərəcədə məqsədəuyğundur? Bu ümumi iqtisadiyyatımızın effektivliyinə xidmət edir, yoxsa yox?! Nəticədə biz hansı iqtisadiyyata doğru gedirik?!
Əgər xidmət etmirsə, “Azərpoçt” qeyri-effektiv biznes strukturuna görə zərərlə üzləşirsə dövlət büdcəsindən bu zərərin maliyyələşməsi nə qədər doğrudur?! Bundan əlavə, o zərər digər əməkdaşların da maddi rifahını mənfi təsir etmirmi?
Hesab edirəm ki, optimallaşma nəticəsində biz bu günədək bilinməyən, qapalı qalmış izafi işçi qüvvəsi problemini üzə çıxararaq, “Azərpoçt” da effektiv struktur formalaşdırmaqla yanaşı, eyni zamanda ölkənin əmək bazarına da düzgün siqnallar ötürürük. Belə ki, bu proses nəticəsində müəyyən əməkdaşlar özlərini əmək bazarına açıq elan etməklə, bazarın konyunkturasını formalaşdırırlar ki, bu da işçi qüvvəsinin səmərəli paylanmasına xidmət edir. Bu istiqamətdə biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Mərkəzləri ilə sıx əməkdaşlıq edirik.
Yəni məsələyə iki fərqli prizmadan baxa bilərik: birincisi, bu quruma sosial təşkilat kimi baxaraq, işçilərin sayını azaltmamaq və ehtiyacları düzgün müəyyən etmədən onların sayını artırmaq və ya olduğu kimi saxlamaq; nəticə etibarilə bu qədər əməkdaşın saxlanması lazımdır. Bunun nə qədər maliyyə itkisi olduğunu təsəvvür etmək çətin deyil, zənnimcə. Yox, əgər biz poçtumuzun inkişaf etməyini, innovativ olmasını istəyiriksə təbii ki, bunun üçün vəsait lazımdır. Vəsaitin formalaşması isə iki mənbədən ola bilər; ya kənardan subsidiya kimi daxil olur, ya da qurum effektiv işləyib özü gəlir generasiya edir.
- Optimallaşma nəticəsində təxminən neçə əməkdaşla yollarınızı ayırmısız?
- Mən istərdim ki, bu məsələyə yanaşma da doğru olsun. Biz yalnız əməkdaşlarla ayrılmırıq. Həm də peşəkar kadrlarla işi yenidən qururuq. Bu il ilk dəfə “Azərpoçt” əmək yarmarkasında iştirak edib. Hazırda bizdə bir sıra vakansiyalar var ki, onlar haqqında elan paylaşılıb. Sizə onu da deyim ki, həmin vakant yerləri geniş ictimaiyyətə yaymazdan öncə daxili kommunikasiyalar vasitəsi ilə biz öz əməkdaşlarımız arasında yayırıq. Məqsəd isə əməkdaşlarımızın karyera planlamasına dəstək olmaqdır.
Əgər kimsə illərlə eyni yerdə saat 9-dan 6-dək oturub müştərinin gəlib-gəlməyəcəyini gözləyirsə və onun iş həcmi yoxdursa bu artıq qarşılıqlı faydalılıq prinsipinə ziddir.
- İllərdir cəmiyyətdə Azərbaycan poçtu ilə bağlı fikirlər formalaşıb. Bura kommunal xidmət haqlarının ödəmək, qəzet almaq olar, məktub və bağlamaların tez-tez gecikdirilib-itirilməsi halları baş verir və s. Amma dünyada poçt xidmətləri kifayət qədər rəqəmsallaşıb. Bəs siz bu imici dəyişmək və rəqəmsal transformasiyaya nail olmaq üçün hansı addımlar atırsınız?
- Çox maraqlı sualdır. Əvvəlcə gecikmə məsələsinə toxunmaq istərdim ki, dediyiniz fikirlər bir ilin nəticəsində formalaşmayıb. On illərlə işlər belə davam etdiyi üçün cəmiyyətdə də bu fikirlər yaranıb. Poçtun miqyas baxımından iriliyini nəzərə alaraq, yeni formalaşan komandadan qısa zamanda sıçrayış effektli dəyişikliklər gözləmək doğru olmaz. Burada köhnəlmiş əsas vəsaitlər və xüsusilə İT infrastruktur, zamanın tələbinə cavab verməyən proses və proseduralar və s. vardır. Deyilənlərin təkmilləşdirilməsi üçün zaman lazımdır. Dediyiniz məsələlər üzərində kifayət qədər iş gedib. Deməliyəm ki, bu gün biz bütün onlayn resurslarda aktivik. Vətəndaş rastlaşdığı problemlə əlaqədar istənilən sosial şəbəkə vasitəsi ilə “Azərpoçt”la əlaqə saxlayır və bir neçə dəqiqə ərzində artıq ona cavab verilir ki, bağlamanın gecikməsinin yaxud digər probleminin səbəbi nədir?!
Bir sıra hallarda gecikmələrin səbəbi poçtla bağlı olmur. Sadəcə insanlar bunu poçtla əlaqələndirir.
Misal üçün, vətəndaş hansısa xarici ölkədən elektron şəkildə kommersiya məhsulu sifariş verib və onun "Azərpoçt" üzərindən gəlməsini gözləyir. Bilirik ki, poçt həmişə daha münasib vasitələrdən istifadə etməyə çalışır, yəni karqo daşıyan xüsusi təyyarələrdən deyil, sərnişin daşıyan təyyarələrdən istifadə etməyi üstün tutur. Pandemiya dövründə də bunların uçuş tezliyi kifayət qədər aşağı düşdü. Hətta bir neçə ölkələrdə dayandı. Elə hallar olub ki, vətəndaşın sifariş etdiyi məhsul aylarla Çində qalıb və çatdırılma ölkəsinə uçmayıb. Belə olan halda vətəndaş bağlamanı "Azərpoçt"dan almalı olduğu üçün onu təqsirləndirir. Bir çox hallarda insanlar bilmir ki, "Azərpoçt"un öhdəlikləri haradan başlayır. Əslində isə ölkəyə daxil olan mal gömrük yoxlamasından keçdikdən sonra, yəni bizə təhvil verildiyi andan "Azərpoçt"un öhdəliyi yaranır. Əgər bağlama bizə verildikdən sonra gecikmə yaranırsa bu artıq qurumun problemidir.
Bir haşiyəyə çıxım ki, bu gün "Azərpoçt" kifayət qədər böyük korporativ şirkətlərlə bağlanmış müqavilə əsasında onların bağlamalarının çatdırılmasını həyata keçirir. Korporativ müştəri bizə çatdırılma ilə bağlı yüksək xidmət tələbləri irəli sürüb. Əgər biz həmin tələblərə cavab verə biliriksə, artıq bu işimizi keyfiyyətli qurduğumuzu göstərir.
Yəni biz keyfiyyətə nəzarət baxımından kifayət qədər böyük işlər görmüşük.
Dünya standartlarında 100 % gecikmə olmadan çatdırılma yoxdur. Biz beynəlxalq mütəxəssislərlə bu məsələ üzərində işləyirik.
"Azərpoçt"da işləri təhvil alanda təxmini ölçülərə görə, vaxtında çatdırılma 60-65 % idi. Amma biz bu gün bunu 85 %-ə çatdırmışıq.
Həmçinin SES proqramı çərçivəsində Beynəlxalq Əməkdaşlıq üzrə Alman Sənaye Fondu ilə əməkdaşlıq edirik, onların ekspertini də dəvət etmişik və hazırda "Project 93" layihəsini icra edirik. Yəni vaxtında çatdırılmaları minimum 93 %-ə yüksəltmək niyyətindəyik.
Rəqəmsallaşmaya gəlincə isə bu istiqamətdə də işlər görülür. Bir neçə məhsulumuz artıq daxildə test edilir. Misal üçün, gələn ilin birinci yarısına, biz kuryer mobil tətbiqini istifadəyə verməliyik.
Hansı ki, bu tətbiq vasitəsilə siz "Azərpoçt" üzərindən göndərdiyiniz sənədləri yaxud bağlamanı izləmək imkanı qazanırsınız. Hətta kuryerin də hərəkət yolunu da izləmək imkanımız olacaq.
Digər məsələ saytımızla bağlıdır ki, biz onu da yeniləyirik.
Həmçinin "Postcargo" deyilən xidmətimizi istifadəyə vermişik ki, bu da tamamilə rəqəmsal platforma üzərində olan məhsuldur.
Bildiyiniz kimi, "Azərpoçt" maliyyə xidmətləri göstərir. İndiyə qədər bizim buraxdığımız və xidmət göstərdiyimiz kart yalnız "MasterCard" idi. Bizim xidmətlərdən istifadə edən müştəri "Visa" kartı ilə ödəmə etdikdə POS-terminallar onu qəbul etmirdi və nəticədə müştəri narazılığı ilə qarşılaşırdıq. Artıq dekabrın sonuna qədər "Visa"dan akkreditasiyadan keçmə prosesini yekunlaşdıracağıq. Yanvarda isə paralel olaraq "Visa" kartlarının da emissiyasına başlayacağıq.
Digər rəqəmsal layihəmiz də elə maliyyə ilə bağlıdır, növbəti ildə internet mobil bank tətbiqini, hansı ki, həm fiziki, həm də hüquqi şəxslər faydalana biləcəklər, istifadəyə verəcəyik.
- Siz uzun müddət bank sektorunda çalışmısınız. Düşünürəm ki, bu baxımdan məsələdən daha çox agahsınız. Bu gün Azərbaycan banklarının bir çoxu bir-birinin müştərilərinə müştərək xidmət göstərir. "Azərpoçt"un da hansısa bankla belə bir xidmətin reallaşdırması mümkündürmü?
- Hazırda biz "Yelo Bank"la belə bir əməkdaşlıq qurmuşuq. Həm həmin bankın kart sahibləri bizim, həm də "Azərpoçt"un əməkhaqqı layihəsində iştirak edən 30 mindən çox müştərimiz adıçəkilən bankın ATM şəbəkəsində komissiyasız nağdlaşdırma həyata keçirə bilərlər. Bu bizim atdığımız ilk addımdır, gələcəkdə bu tərəfdaş şəbəkəsinin genişləndirilməsində maraqlıyıq. Onu da deyim ki, hazırda biz ATM sayına görə maliyyə təşkilatları sırasında ilk 5-liyə daxiliq. Qarşıdan gələn ildə ATM-lərimizin sayını artırmağı planlaşdırırıq.
Bir məsələni də əlavə edim ki, "Azərpoçt"un BOKT-larla da çox geniş əlaqələri var. Hansı ki, onlar öz kreditlərini bizim emissiya etdiyimiz kartlar üzərindən verirlər. Bu məsələdə də müştərilər ATM-lərin onlara yaxın ərazidə yerləşməsində maraqlıdır.
- Belə geniş bank xidmətləri göstərən "Azərpoçt"un özünün kredit verməsi üçün bank lisenziyası almaq fikri varmı? Hansı ki, illər əvvəl bu məsələlər müzakirə edilirdi.
- Bu poçtun istəyinə bağlı olan məsələ deyil. Hesab edirəm ki, qeyd etdiyiniz məsələ daha çox qanunvericiliklə əlaqəlidir. Lisenziya məsələsində Azərbaycan Mərkəzi Bankı (AMB) ilə daha geniş müzakirə aparmağa ehtiyac var. Düşünürəm ki, bu məsələdə tələsmədən mərhələli şəkildə addım atmalıyıq. Kredit fəaliyyətinin özü kifayət qədər risklidir və təşkilat olaraq buna hazır olmaq lazımdır.
Bu çərçivədə onu deyə bilərəm ki, biz bu gün maliyyə xidmətlərinin distribusiyası xidmətini göstərməkdə daha çox maraqlıyıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Mərkəzi Bankla birlikdə maliyyə distribusiyası və maliyyə xidmətlərinin inkluzivliyi məsələsini irəli sürüb. Hazırda biz AMB ilə bu məsələni daha çox müzakirə edirik. Bu məsələdə də qanunvericillikdə müəyyən dəyişikliklərə ehtiyac var. Amma hesab edirəm ki, sizin soruşduğumuz kredit fəaliyyətinə nisbətən maliyyə distribusiyası xidmətinin "Azərpoçt" üzərindən göstərilməsi xidmətinin həllinə biz daha yaxınıq.
Artıq müəyyən regionlarda bu əməliyyatları test olaraq həyata keçirmişik. Bu xidmət imkan verir ki, bizimlə müqaviləsi olan bank özünə məxsus filial şəbəkəsi olmayan ərazilərdə "Azərpoçt"un şöbələri vasitəsilə müştərilərə kredit versin və ya verdiyi kredit üzrə yığım həyata keçirsin. Əgər qanunvericilikdə müvafiq dəyişiklik olsa biz bu xidməti bir neçə bankla daha kütləvi həyata keçirə bilərik.
- Qeyd etdiyiniz kimi siz yeni karqo xidməti istifadəyə vermisiniz. Amma bu xidmətin yaradılması heç də bazarda yaxşı qarşılanmadı. Düşünülür ki, dövlətin verdiyi resurslardan istifadə etməklə "Azərpoçt" bazarda inhisarçılıq yaradacaq. Dövlət qurumunun özəl sektorun yer aldığı bazara müdaxiləsinə nə dərəcədə ehtiyac var idi?
- İstərdim ilk olaraq anlayışları müəyyən edək. Bildiyiniz kimi, dövlət kommersiya və qeyri-kommersiya qurumunu təsis edə bilər. Məhdud məsuliyyətli cəmiyyət isə kommersiya qurumunun bir təşkilati növüdür. İstənilən kommersiya qurumu kimi bizim cəmiyyət də ayaqda qalmaq üçün mənfəətlə işləməlidir və bu normal tələbdir. İkincisi, “inhisarçı” anlayışının iqtisadi nəzəriyyədə tərifi var, ümumiləşdirilmiş şəkildə desək, bu fəaliyyət göstərdiyi sahədə qiymət və həcmləri diktə etmək, yüksək kapital tələbinin qoyulması, bazara girişi məhdudlaşdırmaq və s. kimi alətləri özündə cəm edir. Siz bunların hansını görürsüz? Başlayaq sonuncudan, biz 100-dən çox iştirakçısı olan bazara oyunçu olaraq ən son daxil olanlardan biriyik! Nəyə görə deyirəm biriyik, çünki 1 ay ərzində onlarla ekpres daşımaçılıqla məşğul olmaq istəyən şirkətlər qeydiyyatdan keçir. Göründüyü kimi, burada inhisarçılıqdan söz belə gedə bilməz.
Təmsil etdiyim qurumun əsas biznes sahəsi məhz çatdırılmadır, sadəcə biz çatdırılma xidmətini genişləndirərək, onun müasir növünü də icra etməyə başlamışıq. İllərdir bu bazar var, amma biz bu bazarda iştirak etməmişik. Hesab edirəm ki, artıq bazara daxil omağın zamanı idi. Biz mövcud 1 400 şöbəmizlə insanlara daha yaxınıq və bununla da insanlara ekspres poçt xidmətlərini daha əlçatan edirik. Bundan başqa, bizim say çoxluğumuz əslində digər karqo şirkətləri üçün də faydalıdır, bizim kimi, onlar da eyni şərtlərlə öz müştərilərinə daha yaxın olmaq imkanı qazanırlar.
Belə ki, hazırda bir sıra ekspres şirkətləri bizim üzərimizdən çatdırılma xidməti göstərir. Bu gün bazarda 100-dən çox şirkət var və onların 6-7-nə xidmət göstəririk. Amma bəyan edirik ki, digərlərinə də açığıq.