Lisenziyasız, yəni pirat proqram təminatlarının istifadəsi çoxsaylı məlumatların ələ keçirilməsinə və satılmasına gətirib çıxarır.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.
“Dövlət qurumlarında pirat proqram təminatlarının istifadəsinin qarşısının alınması ilə bağlı onlara tövsiyə məktubları göndərilir. Pirat proqram təminatlarının ötən il üzrə TOP 20-liyinə baxmış olsaq yaxın qonşularımız Rusiya, Türkiyə, İran kimi ölkələri orada görə bilərik. Bu, bizim istifadə etdiyimiz dillərə yaxın pirat proqramların geniş yayılmasının göstəricisi olaraq qarşımıza çıxır. Türkiyə timsalında görünür ki, pirat proqramlar vasitəsilə oğurlanan məlumatlar daha çox maliyyə istiqamətində istifadə olunur. Əməliyyatlara diqqət edəndə "deepfake" texnologiyalarında türkdilli çarxların hazırlandığının şahidi oluruq. Rusiya istiqamətində təhdidləri nəzərdən keçirəndə isə görürük ki, burada daha çox məlumatların oğurlanması və "qara bazar"da satılması halları baş verir. Digər qonşumuzun timsalında isə məlumatların oğurlanmasını və satılmasını deyil, hansısa formada istifadə olunmasını görə bilərik. Orada söhbət daha hədəfli kiber hücumlardan gedir”,- deyə o qeyd edib.