Bakıda “GSMA M360 EURASIA 2023” konfransı ilə paralel olaraq "Huawei" şirkətinin təşkil etdiyi "Gələcək rəqəmsal iqtisadiyyatı səmərəli şəkildə dəstəkləmək üçün daha təhlükəsiz və dayanıqlı telekommunikasiya şəbəkələrinin qurulması" mövzusunda dəyirmi masa keçirilib.
"Report" xəbər verir ki, dəyirmi masada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT) direktoru Tural Məmmədov, Biznesin İnkişafı və Strateji Layihələr və müəssisənin Direktoru Dr. Mohammad Xalid, Huawei Yaxın Şərq və Mərkəzi Asiya üzrə Baş Təhlükəsizlik Mütəxəssisi Aloysius Cheang, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov, Kiber Təhlükəsizlik Layihələri üzrə yüksək səviyyəli rəhbər Dr. Haitham Hilal Al Hajri iştirak edib.
Tədbirin iştirakçıları şəbəkə operatorları və onların partnyorları, təchizatçıları və müştəriləri arasında kibertəhlükələrdən müdafiə sahəsində əməkdaşlıqlar da daxil olmaqla müxtəlif mövzuları müzakirə ediblər.
Tural Məmmədov deyib ki, Azərbaycan kibertəhlükəsizliyin ən yüksək standartlarına sadiqdir: "Biz kibercinayətlərin yaratdığı risklərə diqqət çəkmək məqsədilə beynəlxalq ictimaiyyətə qoşuluruq. Bundan əlavə, biz qlobal tərəfdaşlarımızla bütün rəqəmsal iqtisadiyyat imkanlarından yararlanmaq üçün mühüm əhəmiyyət kəsb edən telekommunikasiya şəbəkələrinin müdafiəsində birgə fəaliyyətlər istiqamətində işləmək istəyirik”.
Eyni zamanda, Dr.Elvin Balacanov vacib informasiya infrastrukturunun qorunmasının Azərbaycanda hökumətin əsas prioriteti olduğunu vurğulayıb: "Buna görə də, telekommunikasiya provayderlərinin riskləri azaltmaq və vacib informasiya infrastrukturumuzu qorumaq üçün müvafiq mühafizə tədbirləri, protokollar və texnologiyalar tətbiq etmələri çox vacibdir”.
Dr. Aloysius Cheang bildirib ki, Huawei müştərilər üçün daha yaxşı məxfilik təmin etmək və əməliyyat səmərəliliyini artırmağı öhdəsinə götürür: "Biz bir tərəfdən tənzimləyici orqanların getdikcə daha da ciddiləşən uyğunluq tələblərinə necə cavab verəcəyimizi, digər tərəfdən müştərilər qarşısında öhdəliklərimizi yerinə yetirən təhlükəsiz və etibarlı məhsul və xidmətləri necə təmin edəcəyimizi düşünməliyik. Biz həmçinin daha yaxşı məxfiliyi təmin etmək, biznes fəaliyyətinin davamlılığını, dayanıqlılığı təmin etmək, səmərəliliyi və müştəri təcrübəsini artırmaq, eyni zamanda istifadəçi məxfiliyini hər zaman qorumaq üçün dərin müdafiə yanaşmasını mənimsəməliyik”.