“Bakcell” növbəti 5 startap layihəsinə dəstək verir

“Bakcell” növbəti 5 startap layihəsinə dəstək verir Bakı. 16 fevral. REPORT.AZ/ “Bakcell” MMC özünün “AppLab” Mərkəzində yaradılıb inkişaf etdiriləcək növbəti layihələrin seçimini başa çatdırıb. 
İKT
16 Fevral , 2018 18:05
“Bakcell” növbəti 5 startap layihəsinə dəstək verir

Bakı. 16 fevral. REPORT.AZ/ “Bakcell” MMC özünün “AppLab” Mərkəzində yaradılıb inkişaf etdiriləcək növbəti layihələrin seçimini başa çatdırıb. 

“Report"un Şirkətə istinadən verdiyi xəbərə görə, ötən il dekabrın 15-dən bu il yanvarın 15-nə qədər davam etmiş ərizə qəbulu mərhələsində 32 gənc developer hazırladıqları layihələrlə  proqramda iştirak üçün müraciət edib. 

İlkin seçim mərhələsindən keçən 17 layihənin müəllifi “Bakcell”in rəhbərliyi, potensial investorlar, “AppLab” proqramının məzunları və informasiya texnologiyaları üzrə ekspertlərdən ibarət “AppLab” Komitəsinin qarşısında öz ideyalarını təqdim ediblər.

Proqramda iştirak üçün 5 ən maraqlı layihə seçilib. Seçilmiş komandalar “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana biləcəklər. “Bakcell”in və “AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarda rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcək.

Beləliklə, növbəti 6 ay ərzində “Bakcell”in “Applab” proqramında "Run2Help" (istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləğı xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavə), "Way To Future" (müxtəlif hazırlıq kursları və təlim imkanlarını təklif edən şirkət və təşkilatlar üçün elan platforması), "Vavelya" (xüsusi tortlar, gül, orijinal hədiyyələr və tərəvəz buketləri onlayn sifariş etmək imkanı verən elektron platforma), Tusi – səhiyyə, təhsil və hətta alış-veriş üçün istifadə oluna bilən artırılmış reallıq tətbiqetməsi və "MadebyAz" (yerli əl işi, suvenir və digər unikal məhsulları istehsal edən yaradıcı şəxslərə öz məhsullarını müvafiq internet səhifəsində nümayiş etdirib dünyanın istənilən ölkəsində satış üçün təklif etmək imkanı verən elektron platforma) layihələri iştirak edəcəklər.

Qeyd edək ki, təqdim edilmiş bütün layihələr 2018-ci ilin yay aylarında keçiriləcək növbəti ərizə qəbulu prosesində yenidən “AppLab” proqramına müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi