Bakı. 18 noyabr. REPORT.AZ/ "Nömrə daşınma xidməti tətbiq ediləndən digər mobil operatorlardan "Bakcell"ə 40 mindən çox abunəçi keçib".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin baş icraçı direktoru Nikolai Bekers bildirib: "Ayda təqribən 100-200 abunəçi nömrə daşınma xidməti vasitəsilə "Bakcell"ə keçir. Bu rəqəm hər ay dəyişir. Təkcə oktyabr ayında digər mobil operatorlardan 2 min abunəçi nömrəsini "Bakcell"ə keçirib".
N.Bekers qeyd edib ki, 2017-ci il üçün "Bakcell" sərmayə planını hazırlayıb: "Sərmayə planı kifayət qədər ambisiyalıdır. Sərmayə planını bu yaxınlarda səhmdarlarımıza təqdim edəcəyik. Rəqəmi açıqlamasam da, deyə bilərəm ki, şirkətin gələn il üçün nəzərdə tutulan sərmayə planı bu ilkindən iki dəfə çoxdur. Əsas strateqiyamız ən yaxşı xidmət təqdim etməkdir. Bu səbəbdən Abşeron və Bakı ətrafında 4G şəbəkəsinin yaxşılaşdırılmasına da şirkət səmayə qoyacaq".
"Hazırda "Bakcell"in abunəçilərinin ümumi sayı 3,6 mln. təşkil edir. Şirkətin abunəçi sayı qismən artıb. Hər abunəçiyə düşən orta gəlirimiz də rəqiblərimizdən yüksəkdir", - deyə şirkət rəhbəri əlavə edib.