Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanın milli internet operatoru statusuna malik "Delta Telecom" şirkəti 4G üzrə mobil operator statusu da almağa və mobil rabitə xidmətləri göstərməyə hazırlaşır. Lakin indiki iqtisadi şəraitdə ölkədə dördüncü operatorun yaranmasının səbəbi məlum deyil, çünki hazırda bazardakı 3 mobil operator olduqca fəaldır. "Report"un xəbərinə görə, bunu "Bakcell" şirkətinin rəhbəri Riçard Şirer adı çəkilən operatorun mobil bazara gəlməsi ilə bağlı baş verə biləcək dəyişiklikləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda əhaliyə xidmət göstərən mobil operatorların fəaliyyəti genişdir, onlar infrastruktura, şəbəkəyə investisiyalar yatırır: "Ümumiyyətlə, Avropaya baxdıqda ümumi tendensiya odur ki, operatorların sayı hər bir bazarda azalır. İtaliyada dörddən üçə, İngiltərədə 5-dən 3-ə, Fransadan 5-dən 4-ə düşüb. Ona görə, indiki iqtisadi şəraitdə dördüncü operatorun gəlməsinin səbəbi naməlumdur", - deyə R.Şirer əlavə edib.
Xatırladaq ki, "Delta Telecom" telekommunikasiya operatoru ən müasir 4G texnologiyası əsasında xidmət göstərməyi nəzərdə tutub. Şirkət mobil infrastrukturu uzun müddətdən bəri əməkdaşlıq etdiyi "Alcatel-Lucent", "Ericson" və digər istehsalçı şirkətlərlə birlikdə 2.4 GHz tezlik diapozonunda quracaq.
Bütün ölkə ərazisini əhatə edən fiber-optik şəbəkəyə malik olan "Delta Telecom" şirkəti eyni zamanda "Telecom-Invest" şirkəti ilə əməkdaşlıq edəcək.
Xatırladaq lki, "Delta Telecom" 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında xidmət göstərir. Şirkət regionda birinci WiMAX texnologiyası layihəsini həyata keçirib.
"Delta Telecom" Qafqazın ən böyük telekommunikasiya operatorudur. Azərbaycanın milli internet operatoru statusuna malik olan, "backbone"- provayder olan şirkət Azərbaycanın 90% internet trafikinə sahibdir.