Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") Azərbaycanın yeni peykinin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu peyk istehsalçısı olan şirkətlərlə danışıqlar aparır.
Bu barədə “Report”un sorğusuna cavab olaraq "Azərkosmos"dan bildirilib.
"Danışıqlar davamlı prosesdir və ölkəmiz və müştərilərimiz üçün ən uyğun seçim edilənə qədər davam edəcək. Ümumiyyətlə, yeni peykin hazırlanması və istismara verilməsi prosesindən əvvəl əsaslı şəkildə araşdırma tələb olunur. Peyk xidmətlərində müştərinin yenilik, dəyişiklik, uyğun qiymət, satış sonrası dəstək, innovativlik kimi tələbləri var. Bu gözləntilər daim dəyişir və yenilənir”, - cavabda deyilir.
Bildirilir ki, eyni zamanda peykin orbitə buraxılmasından əvvəl gələcəkdə yeni peyk layihəsindən ölkəmizin əldə edə biləcəyi iqtisadi və qeyri-iqtisadi faydaları və səmərələri öyrənilir.
Xatırladaq ki, hazırda Azərbaycanın "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya peykləri fəaliyyət göstərir. "Azərkosmos" kommersiya fəaliyyətinə başladığı bu 10 il ərzində "Azerspace-1", "Azerspace-2" və "Azersky" peyklərimizin xidmətlərindən 500 milyon manat gəlir əldə edib.
"Azersky" – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma nəticəsində peykin enerji təchizatının sıradan çıxmış olması ehtimal olunur.
"Azersky" peyki 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb.
Peykin kommersiya fəaliyyətinə başladığı tarixdən indiyə qədər 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olub.