“Azərkosmos” yeni müsabiqə elan edib
- 27 fevral, 2018
- 13:32
Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün “Azərkosmos” ASC 2016-2017-ci illər ərzində təşkil olunmuş “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
"Report" quruma istinadən xəbər verir ki, görüşdə müsabiqə çərçivəsində qalib gələn 8 layihənin nəticələri müzakirə olunub.
Qalib layihələrin hesabat sənədlərində, əsasən, Azərbaycanın ərazisində yerləşən palçıq vulkanlarının, buzlaqların, Kür və Araz çaylarının hövzələrində çay daşmalarının və onların fəsadlarının proqnozlaşdırılması, Abşeron yarımadasının ərazisində neft hasilatı zamanı neftlə çirklənmiş torpaq ərazilərinin spektral xarakteristikaları və bu kimi digər məsələlərin Azersky – Yer səthinin məsafədən müşahidəsi peykindən əldə edilən peyk təsvirləri vasitəsilə öyrənilməsi öz əksini tapıb.
Bununla yanaşı, görüşdə 2018-2019-cu illər üzrə keçirilməsi planlaşdırılan növbəti eyni adlı müsabiqə elan olunub. Layihə çərçivəsində elmi tədqiqat institutları, universitetlər, elmi tədqiqatla məşğul olan digər qurumlar, həmçinin hüquqi və ya fiziki şəxslər öz təkliflərini təqdim edə bilərlər. Təkliflər 30 aprel 2018-ci il tarixinə qədər qəbul olunacaq.
“Azərkosmos” mayın 31-nə qədər qalib təkliflərin müəlliflərini təmənnasız olaraq təkliflərində qeyd olunan tələblərə uyğun olaraq “Azersky” peyki vasitəsi ilə əldə olunan təsvirlərlə təmin edəcək.
“Azərkosmos” ASC-nin 2016-cı ildə başlatdığı “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin əsas məqsədi “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.