Bakı. 17 sentyabr. REPORT.AZ/ 2017-ci ildə “Azərkosmos” ASC-nin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 37 530,4 min manat, digər gəlirləri isə 450,4 min manat təşkil edib. Cəmiyyətin ümumi xərcləri isə 43054,8 min manat olub.
“Report” bu barədə “Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabata istinadən xəbər verir.
Xatırladaq ki, 2016-cı ildə Cəmiyyətin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 28 085,2 min manat, digər gəlirləri isə 1 410,2 min manat təşkil edib, ümumi xərcləri 31 180,2 min manat olub.
Peyk telekommunikasiya xidmətinin göstərilməsi üzrə xərclərinin tərkibində əsas xərcləri 2016-cı ildə 86,4%-i, 2017-ci ildə isə 86,0%-i borca görə faizlər və onunla bağlı xərclər, sığorta xərcləri, bank xidməti üzrə xərclər, amortizasiya xərcləri, əmək haqqı və ona üstəlik xərclər təşkil edib.
2017-ci ildə ümumi xərclərdə amortizasiya xərclərinin artımı "Azersky" layihəsi üzrə peykin yerüstü avadanlıqlarının istismara qəbul olunması və həmin avadanlıqlara 6467,8 min manat məbləğində amortizasiya hesablanması, faiz xərclərinin artımı isə buraxılmış borc qəbzi (notlar) üzrə beynəlxalq kredit təşkilatlarından cəlb edilmiş kredit vəsaitlərinə hesablanmış faiz xərcləri olub.
Cəmiyyət tərəfindən peyk rabitəsi kanallarının güzəşt dövrü ərzində 2016-cı ildə 4 xarici müştəriyə pulsuz verilməsinə görə 163 879,3 manat, 2017-ci ildə 12 xarici müştəriyə pulsuz verilməsinə görə 504 955,04 məbləğində xidmət haqqı üzrə olan debitor borcu (hesablanmış gəlirləri) faktiki olaraq alınmadığı halda 2016-2017-ci illərdə gəlirdən çıxılan xərclərə daxil edilib.
Hesabatda bildirilir ki, “Azerspace-2” layihəsi üzrə yükün saxlanması, çeşidlənməsi, nəqliyyat vasitələrinə yüklənməsi, boşaldılması, gömrük broker xidməti üçün hesablanmış 14850,1 manat məbləğində vəsait Vergi Məcəlləsinin 143-cü maddəsinin tələblərinə əsasən aktivlərin dəyərinə aid edilməli olduğu halda Cəmiyyət tərəfindən mühasibat uçotunda “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinib.
“Azerspace-2” layihəsi üzrə texniki və sığorta məsləhəti xidməti üçün 2016-cı il ərzində 396 277,61 manat məbləğində vəsait ödənilib və aktivlərin dəyərinə aid edilərək torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılmasına daxil edilməli olduğu halda “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinib.
Hesabatda qeyd olunub ki, “Azərkosmos” ASC zərərlə işlədiyi halda Fransanın Azərbaycandakı səfirliyinə sponsorluq xidmətinə görə 09.06.2016-cı il tarixində 1 655,62 manat məbləğində vəsait ödənilib, həmin ödəniş mühasibat uçotunda gələcəkdə yarana biləcək sərbəst mənfəət hesabına deyil “İnzibati xərclər” balans hesabı üzrə xərclərə silinib.