“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb “Azərkosmos” ASC Afrikada telekommunikasiya xidmətləri sahəsində fəaliyyət göstərən “Globecast” qlobal media yayım şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
İKT
240
1 Sentyabr , 2020 11:01
“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” ASC Afrikada telekommunikasiya xidmətləri sahəsində fəaliyyət göstərən “Globecast” qlobal media yayım şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Məlumata görə, bu əməkdaşlıq sayəsində “Globecast” şirkəti Afrika regionunda “Azerspace-1” peykinin C diapazonu ilə müştərilərinə xidmət göstərəcək.

Afrika regionunda televiziya yayımının çətin olduğu ərazilərdə “Globecast” şirkətinin platformaları asanlıqla “Azerspace-1” peykinin siqnallarını qəbul edəcək və bu da xəbərlər, idman və xüsusi tədbirlərin birbaşa yayımlanmasına imkan verəcək. Həmçinin dünyada kifayət qədər tamaşaçı kütləsi olan məşhur “Big Brother Naija Reality Show” proqramı Afrika televiziya kanallarında bu il “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq.

Qeyd edək ki, “Globecast” şirkəti dünyada yerləşdiyi məkandan asılı olmayaraq müştərilərinə çevik və fasiləsiz video yayım xidmətləri təqdim edir. Şirkət video məzmunun və digər media həllərin müştərilərə çatdırılması üçün yerüstü kabel və peyk rabitəsini birləşdirən müasir hibrid sistemə malikdir. “Globecast” şirkəti qlobal səviyyədə dünyanın təxminən 250 yayım şəbəkəsinə peykdən məlumatın əldə olunması, bir araya toplanması və paylanması xidmətlərini göstərir.

“Bu əməkdaşlıq bizə müştərilərimizin artan tələbatını uğurla təmin etmək fürsəti qazandıracaq”, – deyə “Globecast” şirkətinin mühəndis həlləri üzrə meneceri Jak Andreou qeyd edib.

“Müasir idarəetmə və çevik yayım həlləri təqdim edən “Globecast” şirkəti ilə işgüzar münasibətlərimiz bizə Afrikada uğurlu yayım layihələri həyata keçirmək imkanı yaradacaq”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye deyib.

Xatırladaq ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.

Son xəbərlər

Orphus sistemi