"Azərkosmos" ABŞ şirkətinə Avropada internet satmağa şərait yaradıb

"Azərkosmos" ABŞ şirkətinə Avropada internet satmağa şərait yaradıb “Azərkosmos” dünyanın peyk xidmətləri sahəsində tanınan ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
İKT
16 Aprel , 2020 16:45
Azərkosmos ABŞ şirkətinə Avropada internet satmağa şərait yaradıb

“Azərkosmos” dünyanın peyk xidmətləri sahəsində tanınan ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 

Bu barədə “Report”a “Azərkosmos”dan məlumat verilib.

Müqaviləyə əsasən, “UltiSat” şirkəti “Azerspace-1” peykinin resurslarından istifadə etməklə Yaxın Şərq və Avropa regionlarında peyk interneti təqdim edəcək.

Qeyd edək ki, sözügedən şirkət dünyada kritik, rabitənin ötürülməsi çətin olan ucqar ərazilərdə peyk xidmətləri göstərən ilk şirkətlərdəndir.

"UltiSat”ın güclü və etibarlı tərəfdaş olaraq müştəri portfelimizdə yer almasından olduqca məmnunuq. Biz inanırıq ki, bu əməkdaşlıq dünyada koronavirus pandemiyasının davam etdiyi çətin bir dövrdə peyk internetinə olan yüksək tələbatın qarşılanmasına xidmət edəcək”, - deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye bildirib.

"“Azərkosmos”la qurduğumuz yeni əməkdaşlıq bizi sevindirir. Müştərilərimizə yaxın vaxtda qabaqcıl peyk şəbəkə xidmətlərini təklif etmək üçün yeni tərəfdaşımızla daha sıx işləməyi səbrsizliklə gözləyirik", - deyə “Ultisat” şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Kris Hetmanski qeyd edib.

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.

"UltiSat" şirkəti dünyada fəaliyyət göstərən hərbi, hökumət, qeyri-hökumət və hökumətlərarası təşkilatlara kritik missiyalı peyk rabitəsi təqdim edir. Şirkət 40-dan çox ölkədə 80-dən artıq peykə giriş imkanları sayəsində genişzolaqlı rabitə həlləri, kabelsiz, quruda və havada mobil tətbiqləri və sistem inteqrasiya xidmətlərini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi