“Azerconnect Group”un dəstəyi və “Women in Tech Azerbaijan”ın təşkilatçılığı ilə "Müxtəliflik, inklüzivlik və dayanıqlıq - COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi" təşəbbüsünə dair silsilə seminarlar çərçivəsində ilk tədbir keçirilib.
“Həqiqi dəyişiklik üçün fərdlərin gücünün inkişaf etdirilməsi” mövzusuna həsr olunan ilk seminarda 23 şirkət iştirak edib. Tədbirdə “Azerconnect Group”, “Socar Cape LLC”, “EY Azerbaijan”, “Procter & Gamble” kimi şirkətlərin, həmçinin BMT-nin İnkişaf Proqramının nümayəndələri təqdimatlara çıxış edərək iştirakçılara müxtəliflik, inklüzivlik və dayanıqlıq üzrə qlobal təcrübə, bu sahədə həyata keçirdikləri uğurlu layihələr barədə ətraflı məlumat verib, dəstək məqsədilə onlara hazır həll yolları təklif ediblər.
“Azerconnect Group”un İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva öz çıxışında şirkətdə inklüziv iş mühitinin yaradılması və gender bərabərliyini təşviqinə istiqamətlənən layihələr, əməkdaşlar üçün keçirilən təlimlər barədə danışıb. Bildirilib ki, “Azerconnect Group” ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyinə görə iki il ardıcıl olaraq nüfuzlu “Top Employers Institute” tərəfindən “Ən Yaxşı İşəgötürən” kimi seçilən yeganə yerli şirkətdir. Qeyd olunub ki, yerli şirkətlər arasında ilk dəfə olaraq “Azerconnect Group” tərəfindən müxtəliflik, bərabərlik, inklüzivlik və mənsubiyyət prinsiplərinin təşviqinə həsr olunmuş ‘WE are ALL ONE’ adlı innovativ proqram həyata keçirilir. Vurğulanıb ki, müxtəliflik, inklüzivlik və dayanaqlılıq kimi dəyərlərin tətbiqi şirkətlərin həm daxili, həm də xarici mühitdə uğur qazanmasına kömək edir, onlara strateji üstünlük qazandırır.
BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində təşkil olunan təşəbbüsün əsas məqsədi müxtəliflik, inklüzivlik və dayanıqlıq üzrə yerli şirkətlərə qlobal təcrübəni ötürmək və təşkilatlararası fikir mübadiləsini təmin etməkdir.
“Azerconnect Group” ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən şirkətdir. “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.