​"Azercell" şirkəti "Bookmate" layihəsinin təqdimatını keçirib

​"Azercell" şirkəti "Bookmate" layihəsinin təqdimatını keçirib Azərbaycanda artıq 2 mln. insan bu proqramdan istifadə edir
İKT
12 Noyabr , 2015 17:45
​Azercell şirkəti Bookmate layihəsinin təqdimatını keçirib

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkəti bu gün "Bookmate" layihəsinin təqdimat mərasimini keçirib. Tədbirdə bildirilib ki, şirkətin abunəçiləri “Bookmate” əlavəsi vasitəsi ilə Azərbaycan, rus, ingilis və türk dillərində məhdudiyyətsiz kitab oxuya bilərlər.

“Report” xəbər verir ki, “Azercell”in təqdim etdiyi mobil kitabxanada 500 mindən artıq kitaba çıxış təmin olunub. Endirimli abunə məbləği müqabilində abunəçilər bədii, klassik, müasir və biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər.

Bununla belə, “Azercell” abunəçiləri pulsuz mütaliə imkanı da əldə edəcəklər. Bu zaman onlar əsasən klassik nümunələrdən ibarət müəyyən sayda kitabları oxuya biləcəklər.

Tədbirdə çıxış edən "Azercell"in prezidenti Vahid Mürsəliyev bildirib ki, bu layihə Azərbaycanda bir ilk olmaqla yanaşı, həm də maraqlıdır: “Sürət həm sosial, həm də iqtisadi həyatda mühüm rol oynayır. Kitab oxumaq insanları yalnız maarifləndirmir, həm də bir-birilə yaxınlaşdırır. Təəssüflər olsun ki, bu gün ölkədə kitab oxuyanların sayı çox azdır. Bu layihədən yararlanmaqla, biz ətrafımızdakı insanları kitab oxumağa cəlb etmiş olarıq”.

Daha sonra çıxış edən “Bookmate” layihəsinin rəhbəri Rəna Hacıyeva qeyd edib ki, 9 dildə təqdim edilən proqramdan ölkədə artıq 2 mln. insan istifadə edir.

Onun sözlərinə görə, ilk 7 gün ərzində kitabları pulsuz oxumaq mümkün olacaq: “Proqramı Azərbaycan dilində quraşdırmaq olacaq. Yüklədiyiniz kitabları istədiyiniz vaxt internet olmadığı halda belə oxuya bilərsiniz. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir. Cəmi 3,5 manat aylıq abunə ödəməklə “Bookmate” istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazına yükləyə bilər”.

Bildirilib ki, “Bookmate” əlavəsi "Android", "iOS" əməliyyat sistemləri üzərindən işləyir.

Son xəbərlər

Orphus sistemi