"Azercell" Kanada ilə əməkdaşlığı genişləndirmək imkanı qazanıb
- 06 sentyabr, 2017
- 12:55
Bakı. 6 sentyabr. REPORT.AZ/ "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Şirkətdən "Report"a verilən məlumata görə, görüş R.Moridi və nümayəndə heyətinin Azərbaycana, xüsusilə ölkənin sürətlə inkişaf edən mobil rabitə sektoruna göstərdiyi maraq çərçivəsində reallaşıb.
Tərəflər Ontarioda fəaliyyət göstərən qurumlar və "Azercell Telekom" arasında mobil texnologiyalar, innovasiyalar, sahibkarlıq, insan qaynaqları və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif imkanları müzakirə ediblər.
Qeyd edək ki, Ontario əhali sayına görə Kanadanın ən böyük, ərazisinə görə isə 2-ci ən böyük əyalətidir. Hazırda ölkə əhalisinin təxminən 40%-i bu əyalətdə yaşayır. Kanadanın paytaxtı Ottava şəhəri və əhalinin ən sıx məskunlaşmış şəhəri olan Toronto bu əyalətdə yerləşdir. Ontarionun Tədqiqat, İnnovasiya və Elm Nazirliyi elmi kəşflərin, yeni texnologiya və məhsulların kommersiya yönümlü tətbiqinə dair işlər görür, həmçinin yeni iş yerlərinin açılması və əyalətin iqtisadi inkişafına dəstək vermək məqsədilə universitetlərdə, kollec və xəstəxanalarda fəaliyyət göstərən tədqiqat qrupları, sahibkarlar və biznes liderləri ilə sıx əməkdaşlıq edir.
Görüş zamanı R. Moridi Kanadanın hökümət strukturu, ölkədə son illər ərzindəmüşahidə edilən iqtisadi inkişaf və Ontario əyalətinin İKT sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib. O həmçinin 5G texnologiyasının tətbiqi, kiber təhlükəsizlik, süni intellektin və M2M texnologiyalarının (sürücüsüz avtomobil və s.) inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrıldığını və bu sahələrə iri həcmli investisiyaların qoyulduğunu qeyd edib. Nazir bildirib ki, "Azercell" şirkətinin naqilsiz rabitə texnologiyaları sahəsində əldə etdiyi uğurları nəzərə alaraq, Kanada şirkətləri ilə əməkdaşlığın həm şirkət üçün, həm də bütövlükdə Azərbaycan üçün faydalı olacağını hesab edir.
Öz növbəsində, V.Mürsəliyev inkişaf etmiş Ontario əyaləti ilə Azərbaycanın qabaqcıl mobil operatoru və Cənubi Qafqaz regionunda İnnovativ Mobil Texnologiyalar sahəsində pioner şirkət sayılan "Azercell Telekom" arasında tədqiqat və innovasiya sahəsində əməkdaşlıq üçün xeyli sayda imkanların mövcudluğunu qeyd edib. Şirkətin prezidenti bildirib ki, bu əməkdaşlıq həmçinin "Azercell" abunəçilərinə yeni üstünlüklər gətirə bilər. V. Mürsəliyev "Azercell"in telekommunikasiya sektoruna verdiyi tövhələrdən və İKT sahəsində düyanın ən peşəkar mütəxəssisləri sırasında olan şirkətin mühəndislərinin nailiyyətlərindən bəhs edib. O, bildirib ki, "Azercell" hər bir vətəndaşın işini və həyatınını daha da rahat etmək üçün təhlükəsiz və innovativ texnoloji gələcəyin qurulması istiqamətində əməkdaşlıqlara açıqdır.