"Azercell"in gəlirləri azalıb

İKT
  • 04 noyabr, 2016
  • 16:43
Azercellin gəlirləri azalıb

Bakı. 4 noyabr. REPORT.AZ/ "Ötən ilə nisbətən bu il şirkətin gəlirlərində azalma var".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azercell"in prezidenti Vahid Mürsəliyev bildirib.

Onun sözlərinə görə, ölkədəki iqtisadi vəziyyət, manatın devalvasiyası və digər amillər şirkətin gəlirlərinə mənfi təsir göstərib: "Şirkətin istifadəsində olan bütün müasir avadanlıqlar xaricdən idxal edildiyindən daha çox təsirə məruz qalıb. Müştərilərimizin bunu hiss etməməsinə, tarifləri artırmamağa çalışırıq. Artım olsa belə, çalışacağıq ki, qiymətlər tam əsaslandırılmış, ölkə bazarına və bizim abunəçilərimizin bugünkü vəziyyətinə uyğun olsun. Hazırda fantastik həddə qiymət artımı düşünmürük". 

V.Mürsəliyev deyib ki, "Azercell" işçilərini ixtisar etməyi düşünmür: "Ölkənin hazırki iqtisadi vəziyyətində işçiləri ixtisar etməyi düzgün hesab etmirəm. Şirkətin xərclərinə ciddi nəzarət etsək, buna ehtiyac qalmayacaq. Dünyada baş verən devalvasiyaya baxmayaraq, "Azercell"in gələn il telekommunikasiya sektorunun inkişafına qoyacağı sərmayə builkindən az olmayacaq. İndi şirkətin 2017-ci ildə qoyacağı investisiyanın həcmi müəyyənləşib. Şirkətin daha yaxşı fəaliyyət göstərməsi və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməsi üçün təsisçilərimiz tərəfindən bizə heç bir investisiya məhdudiyyəti qoyulmayıb".

Şitkət prezidenti vurğulayıb ki, hazırda "Azercell"in fərdi müştərilərinin sayı korporativ müştərilərdən daha çoxdur: "Fərdi müştərilərin sayı təqribən 4,5 milyondur. Ölkədə son bir neçə ildir mobil operatorların müştəri bazarı sabit olaraq qalır".