"Hər ölkə üçün innovasiya məsələsi böyük əhəmiyyət kəsb edir. Hər bir ölkə iqtisadiyyatının davamlı inkişafı üçün innovasiyalardan istifadə etməyə çalışır. Azərbaycanın da iqtisadiyyatının inkişafı üçün prioritet sahələri var və innovasiyalar da onlardan biridir”.
“Report” xəbər verir ki, bunu “World Net Summit” onlayn konfransı çərçivəsində “Government Address” tədbirində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.
E.Vəlizadə qeyd edib ki, Azərbaycan innovasiya sahəsini inkişaf etdirmək istəyir: “Biz bu sahəyə investorlar cəlb etməyə, ideyaları reallaşdırmağa çalışırıq. Startaplarımızın imkanlarını yaxşılaşdırmaq üçün istənilən imkandan yararlanmağa çalışırıq. Bizim bu sahə ilə bağlı aydın fikrimiz var. Bu sahəyə investorlar cəlb etməyə çalışırıq. Bizim Azərbaycanda fondların yaradılması ilə bağlı planlarımız var. Bu, startaplara daha çox imkan yaradacaq”.
Qeyd edək ki, startaplara dəstək məqsədilə 2018-ci ildə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb. İnnovasiyalar Agentliyi yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.
Bundan başqa, İstanbul Texniki Universiteti Bakı Ali Neft Məktəbində (BANM) Texnoparkla bağlı startap mərkəzi qurmağı planlaşdırır.