Azərbaycanda rəqəmsal inkişafın qarşısında duran maneələr və aradan qaldırılması yolları açıqlanıb

İKT
  • 11 avqust, 2022
  • 10:43
Azərbaycanda rəqəmsal inkişafın qarşısında duran maneələr və aradan qaldırılması yolları açıqlanıb

Azərbaycanda rəqəmsal iqtisadiyyatın infrastruktur əsasını təmin edən telekommunikasiya sektorunun inkişafı regional analoqlara və müqayisə olunan gəlirlərə çatmır ki, bu da ölkənin rəqəmsal dividendlər almaq potensialını məhdudlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının 2022-ci il üçün “Azərbaycanın Sistematik Diaqnostikası” adlı hesabatında deyilir.

“Sektor siyasəti, xidmətlərin göstərilməsi və tənzimləmə, eləcə də dövlət müəssisələrinin üstünlük təşkil etdiyi bazar strukturu arasında bölgünün olmaması uzun müddətdir ki, Azərbaycanda telekommunikasiya sektorunun inkişafına maneə olur.

Köhnəlmiş əlverişli mühit və rəqabətin olmaması rəqəmsal kommunikasiya infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsinə investisiya qoyuluşunu məhdudlaşdırıb ki, bu da rəqəmsal rabitəyə çıxış, onun əlçatanlığı və keyfiyyəti baxımından şəhər və kənd yerləri arasında rəqəmsal uçurum yaradıb.

Bu rəqəmsal uçurum iqtisadi imkanlara çıxış baxımından bərabərsizliyin artması riski yaradır ki, davam edən COVID-19 pandemiyası və COVID-19-a cavab olaraq rəqəmsal əlaqənin əhəmiyyəti bu bərabərsizliyi daha da kəskinləşdirir”, - hesabatda deyilir.

Dünya Bankı hesab edir ki, rəqəmsal iqtisadiyyatın inkişafının üstünlüklərini səmərəli şəkildə həyata keçirmək rəqəmsal imkanlara çıxışın təkmilləşdirilməsini və rəqəmsal texnologiyaların ayrı-ayrı şəxslər, müəssisələr və hökumət tərəfindən tətbiqini təşviq etməyi tələb edəcək.

“Rəqəmsal inkişafın qarşısında duran maneələrə əlçatanlıq, bacarıq və istifadə baxımından uçurum, həmçinin maliyyə xidmətləri kimi sahələrdə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən rəqəmsal texnologiyaların tətbiqinin aşağı səviyyədə olması daxildir.

Rəqəmsal imkanların bütün əhali, müəssisələr və dövlət orqanları üçün əlçatanlığını təmin etmək üçün bütün ölkədə yüksək sürətli genişzolaqlı internetə ehtiyac var.

Bununla belə, Azərbaycanda genişzolaqlı bazar şəhərmeyllidir. Fiber optik şəbəkələr, 4G və 5G kimi müasir texnologiyalara böyük investisiya yatırmaqla rəqəmsal infrastrukturun və genişzolaqlı xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına ehtiyac var. Hökumət həmçinin, genişzolaqlı qoşulmanı və rəqəmsal xidmətləri təmin etmək üçün xüsusilə kənd yerlərində rəqəmsal savadlılıq və rəqəmsal bacarıqların inkişafı proqramlarını dəstəkləyə bilər. Özəl şirkətlərin rəqəmsal adaptasiyasının aşağı olduğunu nəzərə alsaq, dövlət sektoru rəqəmsal texnologiyaların tətbiqini stimullaşdırmaq üçün onlayn mühitdə məlumatlılığın artırılmasında və etimadın möhkəmləndirilməsində mühüm rol oynayır”, - Dünya Bankı analitikləri hesab edir.

Onların fikrincə, hökumət son vaxtlar əsas diqqəti rəqəmsal iqtisadiyyatın inkişafının stimullaşdırılmasına yönəlmiş islahatlara ayırıb.

“Hökumət həmçinin telekommunikasiya sektorunda tənzimləyici orqanın yaradılması və sektora özəl investisiyaların cəlb edilməsi üçün sabit genişzolaqlı bazarda fəaliyyət göstərən iki dövlət müəssisəsinin birləşdirilməsi yolu ilə əlverişli mühitin və bazar strukturunun yaxşılaşdırılması istiqamətində islahatların aparılacağını elan edib”, - hesabatda deyilir.

Dünya Bankı hesab edir ki, iqtisadiyyat miqyasında rəqəmsal transformasiya Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, insan kapitalının artımı və inkişafı, həmçinin Azərbaycanda şəffaflıq və inklüziv inkişafın əsas hərəkətverici qüvvəsidir.

Rəqəmsal inkişaf “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də dayanıqlı artımın və qlobal rəqabət qabiliyyətinin hərəkətverici qüvəsi kimi təqdim olunur.