Azərbaycanda elektron ticarət dövriyyəsi 2 dəfə artıb
- 11 iyun, 2015
- 06:39
Bakı. 11 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin ilk 5 ayına nisbətən 1,9 dəfə artaraq 4,9 mln. manat təşkil edib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8%-ni hüquqi, 7,2%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,5%-ni qeyri-ərzaq malları təşkil edib.
Statistikaya əsasən, cari ilin yanvar-may aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 9,5 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çox əmtəə satılıb. Satılan istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi ötən ilin yanvar-may ayları ilə müqayisədə 1,2 faiz bəndi artıb.
Qeyd edək ki, hesabat dövründə ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9% artaraq 372,4 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 158,9 mln manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 213,5 mln. manat təşkil edib.