“Qazaxıstan-Azərbaycan marşrutu üzrə Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilişinə 2023-cü ildə başlanılacaq”.
“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdat Musin deyib.
Bu layihə region ölkələrini alternativ internetə çıxışla təmin edəcək, həmçinin Avropa və Asiya arasında trafikin tranzitini genişləndirəcək.
Layihənin tərəfdaşı qismində Qazaxıstan tərəfində “Qazaxtelecom”, Azərbaycan tərəfdən isə “AzerTelecom” çıxış edəcək.
Təxminən, 340 kilometrlik fiber-optik xəttin əsas marşrutu Qazaxıstanın Aktau şəhərindən başlayacaq və Azərbaycanın Siyəzən rayonuna qədər uzanacaq. Uzunluğu, təxminən, 330 kilometr olan ehtiyat xətt isə Qazaxıstanın Kurık dəniz limanından Bakının Buzovna qəsəbəsinə qədər çəkiləcək.
Nazir vurğulayıb ki, Mərkəzi Asiya ölkələri layihənin həyata keçirilməsində maraqlıdır, çünki rezidentlərin internetə zəmanətli çıxışının təmin edilməsində alternativ marşrutların mövcudluğu böyük rol oynayır.