Bu ilin sonuna kimi texnoparklardan kənarda fəaliyyət göstərən xarici İKT şirkətlərin sayının 35-ə çatdırılması hədəflənir.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.
"İndiyə qədər 200-dən çox müraciət arasında 70 hüquqi şəxs texnopark rezidentliyi üzrə qeydiyyat şəhadətnaməsi əldə edib. Qeyd edim ki, 7 xarici şirkətə sözügedən şəhadətnamələrin verilməsi üçün proses davam edir", - Н.Bikmurzina bildirib.
Qeyd edək ki, 2023-cü ildən İRİA-nın rezidentlik üçün müvafiq rezidentlik lisenziyasını verdiyi hüquqi və fiziki şəxslər aşağıdakı imtiyazlardan yararlanır:
-Sistem inteqrasiyası va (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar.
- Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər üçün gəlir vergisində aşağıdakı güzəştlər təqdim edilir: 8000 manatadək olduqda 0 %, 8000 manatdan çox olan məbləğin 5 %-i, 2026-cı ildən 7 il müddətinə isə gəlirin 5 %-i həcmində ödəniləcək.
- Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmur.
- Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlərin əməkdaşları seçimlərindən asılı olaraq 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödənilir.