Bakı. 8 yanvar. REPORT.AZ/ Bu ilin may ayında Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun 50 illiyinə həsr olunmuş yubiley sessiyası keçiriləcək. Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, institutun yerləşdiyi binada baş tutacaq tədbirin təşkilatçıları RYTN və İdarəetmə Sistemləri İnstitutudur.
Qeyd edək ki, institutun yaranma tarixini AMEA-nın neft ekspedisiyası nəzdində 1952-ci ilin mayında еlektromodelləşdirmə laboratoriyasının təşkil olunduğu vaxtdan hesablamaq olar. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq laboratoriya 1956-cı ildə Akademiyanın Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilib və Hesablama Mərkəzi adlandırılıb. 1950-ci illərin sonunda respublikaya universal rəqəmli hesablama maşınlarının gətirilməsi hesablama üsulları və proqramlaşdırma sahələrində tədqiqatların aparılmasına təkan verib, bu da öz növbəsində 1960-cı ildə Hesablama Mərkəzinin Elmlər Akademiyasının tərkibində müstəqil təşkilata çevrilməsinə əsas yaradıb.
Həmin il Mərkəzin tərkibində keçmiş ittifaq miqyasında ikinci olaraq (Ukraynadan sonra) "Elektron hesablama maşınları" laboratoriyası yaradılıb.
Bu laboratoriya Azərbaycanda kibernetika və informatikanın inkişafına həlledici təsir göstərib. Hesablama Mərkəzi əsasında 1965-ci ildə Kibernetika İnstitutu yaradılıb, 2014-cü ildə isə Nazirlər Kabinetinin qərarı ilə institutun adı İdarəetmə Sistemləri İnstitutuna dəyişdirilib.