"Ağıllı şəhər" standartının yaradılması bizə nə verəcək?

"Ağıllı şəhər" standartının yaradılması bizə nə verəcək? "Hazırda “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin yaradılması konsepsiyası ölkəmizdə gündəmdə olan məsələdir
İKT
7 İyun , 2021 15:12
Ağıllı şəhər standartının yaradılması bizə nə verəcək?
Elvin Abbasov

"Hazırda “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin yaradılması konsepsiyası ölkəmizdə gündəmdə olan məsələdir. Bununla əlaqədar olaraq ilkin mərhələdə Vətən müharibəsindən sonra dövlətin Koordinasiya Mərkəzi yaradıldı. Həmçinin müxtəlif nazirlik və digər qurumlarda aparılan işlər də eyni məqsədə xidmət edir".

Bunu "Report"a "Ağıllı kənd və "Ağıllı şəhər" konsepsiyası üzrə standartların müəyyən edilməsi və təhlükəsizliyin tam təmin olunması ilə bağlı məsələləri şərh edən İKT mütəxəssisi Elvin Abbasov deyib.

E.Abbasovun sözlərinə görə, Azərbaycanda hələ də “SMART şəhər”lərin yaradılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir və konsepsiyaların hazırlanması prosesi gedir:

"Bu isə təbii olaraq bir çox yeni suallar yaradır. Bunlardan biri də “Ağıllı şəhər”lərin standartlarının müəyyən edilməsi ilə bağlıdır. Belə bir standartın olması bizim üçün çox əhəmiyyətlidir. Biz bu tip şəhər və kəndlərin yaradılması üçün müasir texnologiyaları tətbiq etməliyik bunun üçün isə müasir standartlar qəbul edilməlidir. Həmçinin həmin standartlar gələcəyə hesablanmalı və yenilənəbilən olmalıdır.

Əgər bu gün biz “SMART şəhər”lər üzrə informasiya-kommunikasiya texnologiyalarına standart qoymasaq hər kəs əlindəki məhsulunu “Ağıllı şəhər”in tərkibində sata biləcək. Bu isə o deməkdir ki, ölkədə qurulan “Ağllı şəhər”lərdə həm köhnə, həm də yeni texnologiyalar olacaq. Hər bir texnologiyanın özünəməxsus xəbərləşmə yöntəmi olduğu üçün müəyyən mərkəzi sistemlə idarə oluna bilməyəcək.

Bu səbəbdən də hazırda ölkəmizdə Standartlaşma İnstitutu (AZSTANDART) tərkibində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzərəti ilə İKT üzrə texniki komitə yaradılıb. "AzStand TK05" adlanan bu komitənin əsas fəaliyyətlərindən biri də “Ağıllı kənd” və “Ağıllı şəhər”lərdə qurulacaq Texnlogiyaların müasir standartlarla qurulmasını əsasını qoymaqdır. Artıq tətbiq mərhələsində o standartlardan kənara çıxılmasın, köhnə məhsullar, tətbiqlərlə işlər aparılmasın deyə bu yeni standartlar tətbiq olunacaq.

"SMART şəhər"lərlə bağlı müzakirəsi aparılan mövzulardan biri də təhlükəsizliklə bağlı məsələlərdir. Bildiyiniz kimi bir müddət öncə Azərbaycan Prezidenti kritik informasiya infrastrukturları haqqında yeni sərəncamı imzaladı və bu da yerinə düşən məsələ idi. Hər bir qərar, sərəncam, fərman yeni dövrə görə modifikasiya olunur. Yəni ya onun əhatəsi böyüyür ya da aktuallığını itirib ləğv olunur.

Əgər qısa formada ifadə etsək deyə bilərik ki, kritik informasiya infrastrukturları da ölkə əhəmiyyətli məlumatların qorunması deməkdir. Əgər əvvəlki tələblərlə danışsaq bu əsasən hərbi, siyasi və iqtisadi məlumatlardır. Amma indi bu tip məlumatların əhatəsi genişlənib.

Bir müddət əvvəl ABŞ-ın Florida ştatında şəhərin "ağıllı" su infrastrukturuna haker hücumu qeydə alınıb və nəticədə hakerlər içməli suyun kimyəvi tərkibi ilə oynayaraq bütün şəhəri zəhərləmək niyyətinə düşüblər. Amma aidiyyatı qurumların duyuq düşməsi şəhər sakinlərini xilas edib. Bu nümunə bizə onu göstərir ki, ölkə əhəmiyyətli daha bir məsələ kritik informasiya infrastrukturu hesab edilməlidir".

Ekspert hesab edir ki, azad edilmiş ərazilərdə ağıllı infrastrukturun formalaşdırılması üçün dövlət qurumlarının imkanları da artırılmalıdır:

"Azərbaycanda "Ağıllı şəhər" və "Ağıllı kənd"lərin qurulmasında bir neçə məsələ gündəmə gəlir. Bu da, məlumatların təhlükəsizliyi ilə yanaşı "Ağıllı" şəhər və kəndlərin öz təhlükəsizliyidir. Əgər bu müasir infrastrukturlarda xidmətin keyfiyyətini nəzərə alsaq tapmalıyıq ki, bu xidmətə qoşulacaq nazirlik, komitə və agentliklər həmin tələblərə cavab verirmi?! Yaxud da ümumiyyətlə bu qurumlarda avtomatlaşma varmı?

Bu və bu kimi məsələlərin həlli üçün hazırda həm dövlət səviyyəsində, həm də standartlaşma ilə bağlı texniki komitədə işlər gedir.

Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyinin məsələyə belə çevik reaksiya verməsi də təqdirəlayiq haldır. Həmçinin bu prosesə özəl sektorun, ayrı-ayrı ekspertlərin cəlb edilməsi də dövlətin onların təklifinə önəm verdiyini göstərir. Biz burada G2C, PPP, B2B kimi bütün inkişafa yönəlik əməkdaşlıq növlərini görürük. Bu harmoniyanın olması gözəldir.

Amma bəzən sahə ilə bağlılığı olmayan, məsələlərdən xəbərsiz bəzi şəxslərin bu mövzuda qeyri-adekvat, və qeyri-peşəkar açıqlamalar verdiyini də görürük. Tövsiyə edərdim ki, vətəndaşlar bildikləri və ya ixtisaslı olduqları məsələlərə münasibət bildirsinlər.

Bu yaxınlarda Böyük Britaniya mediasında "Ağıllı şəhər"lərin təhlükəli tərəfləri ilə bağlə məqalə yazılmışdı. Maraqlı yazı idi. Hesab edirəm ki, bu gün digər məsələlərlə yanaşı kiber ordunun olması da vacibdir. Artıq bir sıra ölkələr müəyyən addımlar atıb. Artıq Almaniya və Israilin planları haqqında məlumatlar eşidirik. Həmçinin qonşu Gürcüstan da elan verib ki, belə məsələlərlə maraqlanır. Hesab edirəm ki, Azərbaycan da özünün kiber təhlükəsizliyi üçün ciddi addımlar atmalıdır. Kiber ordunun formalaşması üçün həm qanunvericilikdə, həm də mütəxəssislərin hazırlanması ilə bağlı qaydalarda müəyyən işlərə başlamalıyıq. Elektron xidmətlər, həllər artdıqca təhlükəsizlik tədbirləri daha da yüksəldilməlidir".

Son xəbərlər

Orphus sistemi