AEBA Azərbaycana 1,5 milyon dollarlıq qrant verib
- 13 mart, 2020
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) Azərbaycana 1,5 milyon ABŞ dolları dəyərində Sterilizasiya Məqsədli Qamma Şüalanma Qurğusu və laboratoriya vasitələri hədiyyə edib”.
Bunu "Report"a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin direktoru Adil Qəribov deyib.
Onun sözlərinə görə, qurğu AEBA ilə birgə həyata keçirilən layihə çərçivəsində ayrılmış qrant vəsaiti hesabına təqdim olunub: “Bu qurğu ilə müxtəlif ləvazimatların - birdəfəlik şpristlərin, dərmanların, qabların sterilizasiyasını həyata keçirmək mümkündür. Dünyada bu qurğudan həmçinin bəzi qida məhsullarının, ədviyyat və quru meyvələrin sterilizasiya üçün istifadə edilir”.
A. Qəribov qeyd edib ki, bu qurğu həm də bir sıra materialların uzunmüddətli istifadəsinə imkan verən qurğudur: "Xüsusən də polimer materiallarının dözümlülüyünü artırmağa imkan verir. Həmçinin, kabet texnologiyasında istifadə edilən rezin materialların da şualanma yolu ilə artırmaq olar. Bundan başqa modifikasiya sahəsində də işləri bu qurğu vasitəsi ilə aparmaq olar. Bu qurğunun gücü kifayət qədər yüksəkdir. Yəni 300 min kürü aktivlikdədir. Biz tam doldurulma zamanı birdəfəyə 15 kubmetrə qədər şüalanma apara bilərik".
Onun sözlərinə görə, Macarıstanın İzotop institutu tərəfindən hazırlanan bu qurğu üzrə test təcrübələri aparılıb: "Bu günlərdə AEBA-ya son arayışı göndərəcəyik və sənaye miqyasında istismarına başlayacağıq".
A.Qəribov bildirib ki, adıçəkilən qurğu ilə ilkin olaraq kağız məmulatlarının sterilizasiyası üçün istifadə ediləcək: "Hazırda müqavilə imzalanıb və bazar ertəsindən etibarən xüsusi məqsədlər üçün istifadə edilən kağız məmulatların sterilizasiyasına başlayacağıq".
Alim həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə Agentliyin birgə layihə həyata keçirdiyini də qeyd edib: "Bu layihəyə əsasən texniki bitki toxumlarını şualandırmaqla və onların genində müəyyən modifikasiya aparmaqla onların ziyanlı təsirlərə davamlılığını artırırlar. Hazırda onun sınaq işləri gedir. Guman edirəm ki, gələcəkdə geniş sənaye üsulu ilə aparılacaq".