Ötən gün keçirilən hərracda “Apple” şirkətinin səhmləri 8 faiz ucuzlaşıb ki, bu da 180 milyard ABŞ dollarına yaxın maliyyə itkisi deməkdir.
“Report” “Barron’s”a istinadən xəbər verir ki, ABŞ tarixində rekord olan bu gündəlik ucuzlaşmaya baxmayaraq “Apple”ın bazar dəyəri 2 trilyon ABŞ dolları həddini xeyli üstələyir.
Bu ildən əvvəlki rekord 2018-ci il iyun ayında “Facebook”un bir hərracda 19 faiz, yəni 119 milyard ABŞ dolları itirmişdi. Bu ilin mart ayında gün ərzində hərracda “Apple” və “Microsoft” da 150 milyard ABŞ dollarından artıq ucuzlaşmışdı.
Ötən gün İT sektorundakı böyük tənəzzül nəticəsində ABŞ birjalarında kəskin ucuzlaşma ilə yadda qalıb. Belə ki, Dow Jones Industrial Average indeksi hərracın sonunda 807,77 bənd (2,78 faiz) azalaraq 28.292,73 bəndə (11 iyundan sonra ən kəskin azalma), Standard & Poor 500 indeksi 125,78 bənd (3,51 faiz) azalaraq 3455,06 bəndə, Nasdaq Compsite 598,34 bənd (4,96 faiz) azalaraq 11.458,10 bəndə geriləyib.
Həmçinin “Facebook” səhmləri 3,8 faiz, “Alphabet” 5,1 faiz, “Amazon” 4,6 faiz, “Netflix” 4,9 faiz ucuzlaşıb.
Halbuki əvvəlki gün koronavirusa qarşı dərmanlar hazırlanması ilə bağlı böyük ümidlərə qapılan ABŞ birjalarında rekord artımlar qeydə alınmışdı.