Yuxarı

Səmti müəyyənetmə üzrə Azərbaycan çempionatı başa çatıb

Səmti müəyyənetmə üzrə Azərbaycan çempionatı başa çatıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Xaçmaz rayonunun Nabran qəsəbəsinin meşə zolağında oktyabr ayının 6-7-si Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Vergilər Nazirliyinin təşkilati dəstəyi ilə səmti müəyyənetmə idman növü üzrə növbəti açıq ölkə çempionatı keçirilib.

"Report" xəbər verir ki, nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri, ali və orta təhsil müəssisələri daxil olmaqla, ümumilikdə, 150-yə yaxın idmançı uzun və orta məsafə üzrə mübarizəyə qoşulub.

Gərgin keçən mübarizədə iki günün cəmi üzrə K21 kateqoriyasında Vladislav Tuzov (“Neftçi İK”) bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. Neftçi İdman Klubunun digər idmançıları - Gennadiy Klim və Maksim Baxoldin isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Elit kateqoriyasında qadınlar arasında isə Müdafiə Nazirliyinin idmançısı Məryəm Ziyadxanova qızıl medala sahib olub. Fövqəladə Hallar Nazirliyinin idmançısı Sevda Verdiyeva gümüş, Dağçılıq İdman Klubunun idmançısı Olqa Maşkova isə bürünc medal qazanıb.

Elit kateqoriyadan əlavə, Junior, Open, M/W35, M/W 50 kateqoriyalar üzrə də qaliblər müəyyən olunub.

Komanda hesabına gəldikdə isə, Neftçi İdman Klubu yarışın qalibi olaraq kuboku qazanıb. Dağçılıq İdman Klubu 2-ci, Müdafiə Nazirliyinin komandası isə 3-cü olub.

Qalib gələn idmançılara medal və diplomlar təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi