Yuxarı

Joze Alesio Da Silva: “İspaniya və Fransa ilə birgə çətin qrupa düşmüşük”

Joze Alesio Da Silva: “İspaniya və Fransa ilə birgə çətin qrupa düşmüşük”
“Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək”

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Mənzərə onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək”. 

“Report” xəbər verir ki, bunu AFFA-nın rəsmi saytına futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının final mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Braziliyalı mütəxəssis bildirib ki, yığma komanda İspaniya və Fransa yığmaları ilə birgə çətin qrupda yer alıb: “İspaniya haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu komanda təkcə Avropada deyil, dünyada sayılıb-seçilən millilərdəndir. Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan bir komandanı play-off mərhələsində mübarizədən kənarlaşdırıblar. Yeri gəlmişkən, İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla başabaş mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik. Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq”.

Qeyd edək ki, yarış 2018-ci il yanvarın 30-dan fevralın 10-dək Sloveniyada keçiriləcək. Azərbaycan yığması fevralın 2-də Fransa, 4-də isə İspaniya ilə qarşılaşacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi