Cavid Qurbanov: "Avropa çempionatında da sözümüzü layiqincə deyəcəyik"

Cavid Qurbanov: "Avropa çempionatında da sözümüzü layiqincə deyəcəyik" Faiq Qarayev: "Komandalar bizimlə oyuna daha ciddi hazırlaşacaqlar"
Komanda
5 İyul , 2017 15:36
Cavid Qurbanov: Avropa çempionatında da sözümüzü layiqincə deyəcəyik

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov qadın və kişilərdən ibarət milli komandaların məşqçi, oyunçuları və qurum əməkdaşları ilə görüşüb.

AVF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə C.Qurbanov hər iki komandanı son nailiyyətlər münasibətilə təbrik edib. O, qadınlardan ibarət yığmanın indiyədək öz üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirdiyini vurğulayıb. 

"Biz bu gün IV İslam Həmrəyliyi Oyunlarının qalibi və dünya çempionatının iştirakçılarıyıq" deyən federasiya rəhbəri Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi Avropa çempionatında yığmaya uğurlar arzulayıb: "Düşünürəm ki, burada da öz sözümüzü layiqincə deyə biləcəyik. Mən federasiya rəhbəri olaraq əlimdən gələn köməyi etməyə hazıram ki, çempionatda yüksək nəticələrdən birini əldə edək. Lakin burada böyük iş siz voleybolçuların və məşqçilərin üzərinə düşür. Azərbaycan Avropa çempionatına ev sahibliyi edir. Biz AVF olaraq bu yarışın təşkilində bacardığımızı edə bilərik, amma əsas qələbədir".

Kişilərdən ibarət millinin İslamiadada gümüş mükafatçı olduğunu xatırladan C.Qurbanovun fikrincə, bu, böyük nəticədir. Lakin o, komandanın Avropa Liqasındakı çıxışının ürəkaçan olmadığını bildirib: "Bu gün əsas məqsədimiz kişi voleybolunu daha da yüksəltmək, ölkə çempionatında kişi komandalarının sayı ilə bərabər komandaların gücünü də artırmaqdır".

AVF-nin vitse-prezidenti və qadınlardan ibarət yığmanın baş məşqçisi Faiq Qarayev isə deyib ki, qazandıqları uğur hamınındır. O, Avropa çempionatının hazırlıqlarına yaxın günlərdə başlayacaqlarını açıqlayıb: "Qarşıda komandamızı turnirlər, təlim məşq toplantıları gözləyir. Artıq neçə müddətdir ki, millimiz iki komanda şəklində hazırlıqlar keçirir . Heyətdə zədəli oyunçumuz var. Dünya çempionatının seçmə oyunlarında da bir neçə oyunçumuz zədələr üzündən meydana çıxmamışdı. Hazırlıq prosesi zamanı çalışmalıyıq ki, oyunçularımız daha yaxşı formada olsunlar. Düşünürəm ki, dünya çempionatının seçmə oyunlarından sonra komandalar bizimlə oyuna daha ciddi hazırlaşacaqlar. Biz də buna hazır olmalıyıq".

Görüşdə Avropa çempionatının keçirilməsi üçün görülən və görüləcək işlərdən danışılıb.

Qeyd edək ki, 22 - 25 iyulda Bakıda və Göygöldə Avropa çempionatının test oyunları keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi