Yuxarı

Beynəlxalq Voleybol Federasiyası da Millətlər Liqası təsis edib

Beynəlxalq Voleybol Federasiyası da Millətlər Liqası təsis edib
Yeni turnir 2018-ci ildə start götürəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Beynəlxalq Voleybol Federasiyası (FIVB) Millətlər Liqası təsis edib. “Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni turnir kişilər arasında Dünya Liqasını və qadınlar arasında Qran Prini əvəzləyəcək. 

2018-ci ildə start götürəcək Millətlər Liqası dairəvi sistemlə keçiriləcək. Yarışa 12 kişi və eyni sayda qadın komandaları qatılacaq. Mövsümün yekununa əsasən, iki ən zəif komandanı Çağırış Liqasından olan kollektivlər əvəzləyəcək. Turnirin qalibi “Altılar finalı”nda müəyyənləşəcək.

Millətlər Liqasınının təsis edilməsində məqsəd azarkeş marağının artırılması və dünya səviyyəli oyunların təşkil olunmasıdır. Yeni formatın voleybolu daha sadə və cəlbedici edəcəyi proqnozlaşdırılır.

2018-ci ildə kişilərin yarışında Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Fransa, Argentina, İran, Polşa, Almaniya və Yaponiya yığmaları yer alacaqlar. Çağırış Liqasında isə Avstraliya, Cənubi Koreya, Kanada və Bolqarıstan milliləri mübarizə aparacaqlar.

Qadınların yarışına Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Hollandiya, Tailand, Türkiyə, Cənubi Koreya, Almaniya və Yaponiya qatılacaq. Çağırış Liqasına isə Argentina, Dominikan Respublikası, Polşa və Belçika daxil edilib.

Bu isə o deməkdir ki, Azərbaycanın heç bir yığması turnirdə yer almayacaq. Faiq Qarayevin baş məşqçi olduğu qadınlardan ibarət komanda son Avropa çempionatında 4-cü yeri tutub. İlk 3 yerə Serbiya, Hollandiya və Türkiyə yiyələnsə də, Rusiya, İtaliya, Almaniya, Polşa və Belçika mübarizəni erkən mərhələlərdə dayandırıb. 

Xatırladaq ki, bir rmüddət əvvəl UEFA da Millətlər Liqası təsis edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi