Azərbaycanı dünya çempionatında 16 yaşlı ağırlıqqaldıran təmsil edəcək

Azərbaycanı dünya çempionatında 16 yaşlı ağırlıqqaldıran təmsil edəcək Atletlərin çoxunun təcrübəsizliyi üzündən siyahı yarıyadək qısaldılıb
Komanda
7 Noyabr , 2014 15:26
Azərbaycanı dünya çempionatında 16 yaşlı ağırlıqqaldıran təmsil edəcək
Bakı. 7 noyabr. REPORT.AZ/ Noyabrın 8-də Qazaxıstanın Almatı şəhərində ağırrıqqaldırma üzrə dünya çempionatı start götürəcək. "Report"un məlumatına görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycanı 4 qadın və 3 kişi atlet təmsil edəcək. 

Öncədən çempionata 13 idmançının aparılması nəzərdə tutulsa da, çoxunun təcrübəsizliyi üzündən siyahı demək olar ki, yarıbayarı qısaldılıb. Bir müddət öncə Azərbaycanın 18 atleti dopinq-testdən keçə bilmədiyi üçün Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının qərarı ilə diskvalifikasiya olunub. Onların əksəriyyəti təcrübəli və nüfuzlu yarışlarda yüksək nəticə verən idmançılardan ibarət olub. Qalan təcrübəli atletlərin bir qismi isə zədə üzündən çempionata aparılmayıb. Nəticədə milli komandanın məşqçilər heyəti qadınlardan 53 kq çəki dərəcəsində Boyanka Kostova (1993) və Gülçin Əlizadə (1997), eləcə də 63 kq çəkidə Elnurə Abbasovanı (1997) və 69 kq-da Anastasiya İbrahimlini (1993) Xəzərin o tayına aparmağı qərara alıb. Kişilərdən isə 56 kq çəki dərəcəsində Elmar Əliyev (1987), 62 kq çəkidə Rüstəm İmanzadə (1998) və 105 kq-da Dadaş Dadaşbəyli (1996) "körpücük" üzərinə çıxacaq. 

Onlar dünya çempionatına Tomaş Feher, Nizami Paşayev və Hafiz Süleymanovdan ibarət məşqçilər heyətinin başçılığı altında hazırlaşıblar. Yarışa noyabrın 16-da yekun vurulacaq.

Qeyd edək ki, qaydalara əsasən, olimpiadaya vəsiqələr builki və gələn il keçiriləcək dünya çempionatlarının yekununa əsasən paylanacaq. Ölkələr ümumi komanda hesabı üzrə sıralanacaqlar və onlara lisenziyalar tutduqları yerlərdən asılı olaraq, bölüşdürüləcək. 

Son xəbərlər

Orphus sistemi