Yuxarı

Azərbaycan voleybol millisinin baş məşqçisi: "12 nəfəri tutub saxlamışıq ki, onlara bir şey olmasın" - MÜSAHİBƏ

Azərbaycan voleybol millisinin baş məşqçisi: "12 nəfəri tutub saxlamışıq ki, onlara bir şey olmasın" - MÜSAHİBƏ
Komandamızda ucaboy oyunçular yoxdur

Buxarest. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət milli komandasının baş məşqçisi Vüqar Əliyevin “Report”un Şərqi Avropa bürosuna müsahibəsi

Avropa çempionatının II seçmə mərhələsində Azərbaycan millisi E qrupunda xal toplamadan sonuncu yeri tutdu. Zəif çıxışınız nə ilə əlaqədardır?

- .Qrupumuzda Rusiya, Rumıniya və Portuqaliya yığmaları yer almışdı. Portuqaliya yığmasına digər iki komanda ilə müqayisədə qalib gəlmək olardı. Amma qızlarımız bunu da bacarmadılar. Ümumiyyətlə, oyun təcrübəmiz azdır. Milli ötən ilin oktyabrından toplanıb və məşqlərə başlamışıq. Elə bir baş məşqçinin olduğuna inanmıram ki, 3 aya komandasını belə yüksək səviyyəyə gətirib çıxarsın. Son 3 ayda əlimizdən gələni etdik, məşqlər, toplanışlar keçirdik. Sonuncu məşqimiz Bakıda oldu və daha sonra bura gəldik. Öz yaş qruplarımız səviyyəsində beynəlxalq yarışlarda çox az iştirak edirik. Ildə 2 dəfə xaricə çıxırıq. Hesab edirəm ki, buna görə də oyun təcrübəmiz, meydanda bir-birini əvəz etmək, bir-birinə kömək etmək və başa düşmək sarıdan problemlərimiz oldu. Bu gün məhz buna görə biz digər komandalara uduzuruq. Bir oyun 10 məşqə bərabərdir. Özünüz bilirsiniz ki, Rumıniya digər Avropa ölkələrinə çox yaxındır. Buradan avtobusla Bolqarıstana, Serbiyaya, İtaliyaya və ya İspaniyaya gedib oyunlar, təlim-məşq toplanışları keçirmək çox asandır. Lakin bizim regionda Rusiyadan başqa heç yerdə voleybol yoxdur. Gürcüstan voleybolda zəifdir, çalışırlar ki, orada nə isə etsinlər. Ermənistanla bağlı vəziyyət aydındır. Təlim-məşq toplanışları üçün Avropaya üz tutmaq isə çox xərc tələb edir. Amma inanıram ki, yaxşı olacaq.

Seçmə mərhələ oyunları Azərbaycan voleybolçularına, az da olsa, təcrübə qazandırdı, zəif nöqtələri üzə çıxardı. Düşünmürsünüzmü ki, bunlar Sizə həmin istiqamətlərdə daha çox çalışmağa kömək edəcək?

- Əlbəttə, oyun zamanı topun qəbulu və ötürülməsi, həmçinin, blokda çətinliklərimiz oldu. Özünüz də gördünüz ki, komandamızda fiziki cəhətdən ucaboy oyunçular yoxdur. Ümumiyyətlə, Azərbaycanda voleybolla məşğul olan gənclər çox azdır. Məktəblərin çoxu bağlanır, işləmirlər. Nəticədə oyunçular arasında seçim edə bilmirik. Ən çətin məsələ də budur. Məsələn, elə götürək qardaş Türkiyəni. Orada məktəblər var, seçim etmək olur, zallar, universitetlər işləyir. Bizdə isə təəssüf ki, uşaqları voleybola kiçik yaşlarından cəlb etmirlər. 16 - 18 yaşlı qızları gətirirlər ki, öyrədin. 18 yaşında qız artıq yarışlarda oynamalıdır. Uşağı balaca yaşlarından gətirmək, kütləvilik yaratmaq, televiziya və mətbuatda reklam etmək lazımdır. SSRİ zamanı bütün məktəblər işləyir, idman klubları fəaliyyət göstərirdi, uşaqlar arasında seçim var idi.

- Qrupdakı komandalardan daha çox hansının oyunu daha çox xoşunuza gəldi. Ümumiyyətlə, rəqibləri necə dəyərləndirərdiniz?

- Bir mütəxəssis kimi deyə bilərəm ki, Rumıniya millisi çox xoşuma gəldi. Düzdür, şimal qonşularımız da ucaboy idmançılardan ibarətdir, amma bir komanda kimi istər təşkilatçılıq, istərsə də oyunçuların fərdi hazırlığı baxımından meydan sahiblərinin çıxışı çox əla idi və xoşuma gəldi. Millimizin meneceri Zaur Namazovla nə qədər klubdan oyunçuların milliyə cəlb olunduğu vərəqə baxırdıq. Gördük ki, Portuqaliya milisinin 12 oyunçusunu 7 klubdan cəlb ediblər. Rumıniya yığmasına voleybolçuları 8 klubdan çağırıblar. Rusiyada isə 5 klubdan qızlar iştirak edir. Amma bizim siyahıya baxanda 2 klub - "Azərreyl" və "Lokomotiv" görünür. Başqa klub yoxdur. Bayaq dediyim sözə qayıdıram ki, uşaqlarla işləyənlər çox azdır və seçim yoxdur. Klublarımız uşaq voleyboluna çox az diqqət yetirir. Biz millidə 12 nəfəri tutub saxlamışıq ki, onlara bir şey olmasın. Xəstələnsələr və ya hər hansı hadisə baş versə, əvəzlənmələri üçün bir oyunçu yoxdur. Amma Rusiyada bir zalda 50 idmançı məşq edir və məşqçinin də istər texnika, istərsə də fiziki hazırlığı baxımından voleybolçuları seçmək imkanı olur. Oyunlarda özünüz də gördünüz ki, Rusiya millisində 2 voleybolçunun boyu 1, 96 metrdir. Rumıniya komandasında isə ucaboy oyunçular 1,92 - 1,94 m-dir. Bizim ən ucaboy hücumçumuz isə 1,80 m-dir.

-Hazırda Azərbaycan voleybolunda vəziyyət necədir: ederasiyanın yeni prezidenti Cavid Qurbanov voleybolun inkişafı üçün hansı addımları atır?

- 2000-ci ildə Faiq Qarayev Türkiyədən Azərbaycana qayitdıqdan, həmçinin, nəqliyyat naziri Ziya Məmmədov federasiya prezidenti seçildikdən sonra ölkəmizdə voleybol idman növü inkişaf etməyə başladı. Hazırda federasiyanın yeni prezidenti “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da voleybolun inkişafına öz dəstəyini verməkdə davam edir. Qısa zamanda müəyyən irəliləyişlərə nail olunub. Onu deyim ki, kişilərdən ibarət 6 komanda yarandı. "Lokomotiv" fəaliyyətini bərpa etdi. Cavid müəllim çox gözəl təşkilatçıdır və çalışır ki, voleybol daha da inkişaf etsin, bu idman növünə kütləvi axın olsun. Gürcüstandan bir klub bizim çempionatda oynayır. Bu 3 ay müddətində biz 2002-ci ildə əldə etdiyimuiz uğurlara nail ola, həmin səviyyəyə gəlib çata bilmərik. Əlbəttə, I vitse-prezident Faiq müəllim də əlindən gələni edir ki, ölkəmizdə voleybol digər idman növləri kimi daha da inkişaf etsin. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi