Bakı. 1 oktyabr. REPORT.AZ/ “Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub etməklə, azarkeşlərimizi sevindirdik”.
Bunu “Report”a Azərbaycan milli komandasının voleybolçusu Yana Kulan Yaponiyada keçirilən dünya çempionatının II turunda Cənubi Koreya üzərində 3:1 hesablı qələbəni şərh edərkən deyib.
31 yaşlı hücumçu bildirib ki, ilk turda ABŞ-a 0:3 hesabı ilə uduzduqları görüşdən sonra toparlanmağı bacarıblar: “Cənubi Koreya ilə qarşılaşmada ən yaxşısını etməyə çalışdıq. Bu cür davam edəcəyik".
Kulan oktyabrın 2-də Rusiyaya qarşı keçirəcəkləri III tur matçı barədə də danışıb: "Cənubi Koreya ilə görüşdən sonra bir günlük istirahətdən yararlanacaq, enerji toplayacağıq. Növbəti matçımız Rusiyaya qarşıdır. Qrupdan çıxmaq tapşırığını yerinə yetirməyə çalışacağıq. Bizə azarkeşlik edin. Azərbaycan, irəli!”
Qeyd edək ki, C qrupunda turnir cədvəlinə 6 xalla ABŞ başçılıq edir. Rusiyanın 5, Tailand və Azərbaycanın hərəyə 3, Cənubi Koreyanın 1 xalı var. Turnir cədvəlini xalı olmayan Trinidad və Tobaqo qapayır. Azərbaycan millisinin Rusiya ilə görüşü sabah Bakı vaxtı ilə saat 8:40-da başlanacaq. Oktyabrın 3-də eyni saatda Trinidad və Tobaqo, oktyabrın 4-də saat 11:10-da Tailandla qarşılaşmalar oynanılacaq.