Azərbaycan klubunun qapıçısı: "Çempionlar Liqasında məqsədimiz "4-lər finalı"na vəsiqə qazanmaqdır"

Azərbaycan klubunun qapıçısı: "Çempionlar Liqasında məqsədimiz "4-lər finalı"na vəsiqə qazanmaqdır" “Ötənilki nəticənin təkrarlanmasına imkan verməməliyik”
Komanda
6 İyul , 2018 10:20
Azərbaycan klubunun qapıçısı: Çempionlar Liqasında məqsədimiz 4-lər finalına vəsiqə qazanmaqdır
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Naxçıvanın “Araz” klubunun qapıçısı Rövşən Hüseynli futzal üzrə Çempionlar Liqasının püşkünün nəticəsini dəyərləndirib. 

"Report"un məlumatına görə, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verən təcrübəli qolkiper Slovakiya "Luçenek"i ilə oyunun daha çətin keçəcəyini bildirib.

O, səbəb kimi oyunların məhz Slovakiyada keçiriləcəyini və klubun heyətinin öz ölkəsinin yığma üzvlərindən təşkil olunmasını göstərib.

Bununla yanaşı, Hüseynli deyib ki, istənilən rəqibə hörmətlə yanaşmaq, onları ciddi qəbul etmək lazımdır: "İlkin mərhələdə mübarizə aparacaq potensial rəqiblərimiz arasında ikisini xüsusilə fərqləndirmək istərdim. E qrupunda Makedoniya təmsilçisi “Veles”in, F qrupunda isə Hollandiyanın “Hovokobo” komandasının daha güclü təsir bağışladığını qeyd edə bilərəm. Təbii ki, bunlar ehtimallardır. Fikrimizi bildiririk, amma nəticənin necə olacağını oyunlar başa çatdıqdan sonra biləcəyik”.

Qapıçı turnirin adının dəyişdirilməsinin iştirakçılar üçün əlavə stimul olacağını da bildirib: “Yeri gəlmişkən, turnir artıq fərqli adla keçirilir. Ötən ilə qədər UEFA kuboku adlandırılan yarış indi Çempionlar Liqası adı altında keçiriləcək. Bu da iştirakçı komandalara əlavə stimul verəcək, qalib olmaq üçün motivasiyanı artıracaq”.

Hüseynli “Araz”dan ayrılanlar haqda da danışıb. O, hər bir futzalçının komanda üçün vacib olduğunu vurğulayıb: “Xüsusən, Edu və Qalonun gedişi hiss olunacaq. Ancaq onlarsız nəticə qazanmağın mümkünsüzlüyü fikri yaranmamalıdır. Rəhbərlik və baş məşqçi yeni transferlərlə komandanı əvvəlkindən güclü edəcəklər. İstənilən halda, ötənilki nəticənin təkrarlanmasına imkan verməməliyik. Ötən il iki ardıcıl qələbə qazandıq, ancaq “Deva” ilə matçda sanki oyunumuz alınmadı, “qara zolağ”a düşmüşdük. Çempionlar Liqasında isə buna yol verməyəcəyik. Təbii ki, məqsədimiz “Dördlər finalı”na vəsiqə qazanmaqdır”.

Qeyd edək ki, "Araz" 2 - 7 oktyabrda Slovakiyada keçiriləcək əsas mərhələnin qrup oyunlarında yerli “Luçenek”, ilk mərhələdə E və F qrupunun qalibi olacaq komandalarla qarşılaşacaq. E qrupunda “Veles” (Makedoniya), “Valletta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovokobo” (Hollandiya), “Riding” (İngiltərə), “Vıtis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq. 

Son xəbərlər

Orphus sistemi