Yuxarı

Azərbaycan Həndbol Federasiyasına yeni prezident seçilib

Azərbaycan Həndbol Federasiyasına yeni prezident seçilib
Heydər Babayevi Saleh Məmmədov əvəzləyib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının (AHF) təşkilati məsələlərinin müzakirəsi ilə bağlı Növbəti Konfransı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, konfransda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

Ç.Hüseynzadə bildirib ki, keçmiş SSRİ-də çox böyük uğurları olan həndbol hazırda həmin nailiyyətlərdən çox uzaqlaşıb. Bu səbəbdən, MOK rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi federasiyada dəyişiklik edilməsinə qərar verib. Daha sonra o, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədovu təqdim edib.

A.Rəhimov isə Prezident İlham Əliyevin MOK rəhbəri seçildiyi dönəmdən idmanda olan inkişaf barədə danışıb. Nazir komanda idman növlərində - futbol və voleyboldakı uğurlara toxunaraq, həndbolun da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: "Özüm həndbol üzrə yığma komandanın üzvü olmuşam O dövrdə bu növə böyük maraq olub. Niyə biz idman qurğularının yüksək səviyyədə olduğu, cənab prezident tərəfindən dəstək verildiyi halda, həndbolu inkişaf etdirməyək? İdman çox böyük strategiya əsasında işlənilməlidir. Etiraf edək ki, bir komanda ilə bu idman növünü inkişaf etdirə bilmərik".

Nazir çempionatların keçirilməsinin, məşqçilərin təlimlərə göndərilməsinin önəmini vurğulayıb: "Saleh müəllim daim voleybolçuların yanında olub. Hazırda isə o, həndbolu sıfır səviyyəsindən qaldırmağa hazır şəxsdir. Cənab prezident də Saleh Məmmədova etimad göstərib".

Sonda S.Məmmədov səsvermə yolu ilə AHF prezidenti seçilib.

Qeyd edək ki, əvvəlki federasiya prezidenti Heydər Babayev öz istəyi ilə bu vəzifədən kənarlaşdırılması üçün ərizə yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi