Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib Çingiz Hüseynzadə idmançıların Argentinada da layiqincə çıxış edəcələrinə inandığını söyləyib
Fərdi
21 Sentyabr , 2018 11:10
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyəti  ilə görüş keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Milli Olimpiya Komitəsində (MOK) Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Ağacan Abıyev, baş katibin müavini Azər Əliyev, Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli, federasiya rəsmiləri, məşqçilər və idmançılar iştirak ediblər.

Ç.Hüseynzadə bildirib ki, Azərbaycan I Yay Olimpiya Oyunlarında 8 medalla (5 qızıl, 3 gümüş) komanda hesabında 11-ci, ikinci dəfə təşkil edilən Oyunlarda isə 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) 10-cu yeri tutub. O, idmançıların Argentinada da layiqincə çıxış edəcələrinə inandığını söyləyib.

Daha sonra Yeniyetmələrin III Yay Olimpiya Oyunları haqda videoçarx nümayiş olunub. Oyunların gənc səfiri qismində Azərbaycanı təmsil edəcək Səkinə Vəliyeva Argentina və olimpiada ilə bağlı məlumatları təqdim edib. O, Oyunlarda 206 ölkədən 2000 oğlan və 2000 qız idmançının iştirakının nəzərdə tutulduğunu söyləyib. Onlar 32 idman növü üzrə yarışacaqlar.

Azərbaycan atletləri oktyabrın 4-də Argentinaya yola düşəcəklər.

Azərbaycan idmançıları olimpiadaya 9 idman növü üzrə 17 lisenziya əldə ediblər - 8 qız və 9 oğlan. Cənubi Amerikaya üzgüçü Fatimə Alkərəmova (bütün yarış növləri), stolüstü tenisçi Ninq Jinq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq) və Cavad Ağayev (63 kq), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), sərbəst güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov (üçtəkanla uzununa tullanma) və Fəxriyyə Tağızadə (qaçış 100 m) yollanacaq.

Azərbaycan Olimpiya Komandasının tərkibinə idmançılarla yanaşı, 12 məşqçi, 1 həkim, nümayəndə heyətinin rəhbəri və 1 nəfər gənc səfir daxildir. Bundan başqa, nümayəndə heyətində MOK-un, Gənclər və İdman Nazirliyinin, eləcə də bəzi federasiyalarının rəhbərləri yer alacaqlar.

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 - 18 oktyabrda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi