Yuxarı

Simulyatorda “Formula 1” çempionatının final yarışı baş tutub

Bakı. 19 mart. REPORT.AZ/ Dənizkənarı bulvarda Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı əsasında regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda “Formula 1” çempionatının final yarışı baş tutub.

“Report” xəbər verir ki, yarışda Quba şəhərini təmsil edən 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov 1 dəqiqə 46 saniyə ilə regionların çempionu ünvanına sahib çıxıb.

Final yarışında Qaxı Aqşin Əhmədov, Mingəçeviri Xası İsgəndərli, Füzulini Hüseyn Eyvazov, Şirvanı Gülağa Abdullayev və Lənkəranı Azər Məmmədli təmsil edib.

Yarışın sonunda bütün regional qaliblərə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yerli sahibkarlığa dəstək məqsədilə İSMA şirkətinin istehsal etdiyi velosiped və müvafiq aksesuar dəsti verilib. Bundan başqa, regionların çempionuna isə əlavə olaraq “Formula 1” Azərbaycan Qran Prisi üçün tribunaya 2 nəfərlik 4 günlük bilet təqdim olunub.

Yarışdan sonra final iştirakçıları BŞH-nin ofisini ziyarət ediblər. Burada məktəblilər “Formula 1” Azərbaycan Qran Prisinin Könüllülük və Marşallıq proqramları ilə tanış olublar və onlara proqram təmsilçiləri tərəfindən dəyərli hədiyyələr verilib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Formula 1” simulyator çempionatında 6 regionun – Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın şəhər məktəblilərinin 9 - 11-ci sinif şagirdləri iştirak ediblər.

Ümumilikdə, 1200-dək məktəbli həm AAF mütəxəssisləri tərəfindən yol hərəkətinin təhlükəsizliyi qaydalarına dair verilən seminarlara qatılıb, həm də yarışda mübarizə aparıb. Bununla yanaşı, region sakinləri də simulyatorda Bakı Şəhər Halqasında “Formula 1” bolidi sürmək imkanına sahib olublar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi