Yuxarı

Şahmat üzrə İddiaçılar Turnirinin daha bir iştirakçısı müəyyənləşib

Rusiyalı qrossmeyster Vladimir Kramnik təşkilatçılardan xüsusi dəvət alıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Şahmat üzrə İddiaçılar Turnirinin daha bir iştirakçısı müəyyənləşib.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı qrossmeyster Vladimir Kramnik təşkilatçılardan xüsusi dəvət alıb.

14 qat dünya çempionu olan V.Kramnik nüfuzlu yarışda mübarizə aparacaq 8 şahmatçıdan biri olacaq. Onlar 14 turdan ibarət 2 dövrəlik mübarizənin yekununda qalibi müəyyənləşdirəcəklər. Yarışa Vladimir Kramnikla yanaşı, dünya ikincisi Sergey Karyakin (Rusiya), Dünya Kubokunun qalibi Levon Aronyan (Ermənistan), finalçı Din Lijen (Çin), FİDE reytinqində ilk iki pillədə qərarlaşmış qrossmeysterlər, eləcə də Qran Pri seriyasının iki ən yaxşı şahmatçısı qatılacaq. 

Qran Prinin həlledici mərhələsi 16 – 25 noyabrda İspaniyanın Palme-de-Mayorka şəhərində keçiriləcək. Azərbaycan şahmatçıları – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov hələlik ilk “üçlük”də qərarlaşıb. Ş.Məmmədyarov 340 xalla 1-ci, T.Rəcəbov isə 241,43 xalla 3-cü sıradadır. İkinci pillədəki rusiyalı Aleksandr Qrişukun isə 336,43 xalı var.

Mükafat fondu 420 min avro olan İddiaçılar Turniri 10 – 28 mart 2018-ci ildə Almaniyanın paytaxtı Berlində təşkil ediləcək. Yarışın qalibi dünya çempionu adı uğrunda matçda norveçli Maqnus Karlsenin rəqibi olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi