Yuxarı

Sahib Ələkbərov sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatının mükafatçıları ilə görüşüb

Tokio olimpiadasının iştirakçıları sizin aranızdadır

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Sahib Ələkbərov sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatının mükafatçıları ilə görüşüb.

“Report” xəbər verir ki, idmançıların çempionatda böyük əzmkarlıqla mübarizə apardıqlarını qeyd edən AGF rəsmisi, eyni əzmkarlığı növbəti il ərzində keçiriləcək yarışlarda da gözlədiklərini bildirib: "Federasiyamız yığma komandaların seçiminə daim ədalətlə yanaşmağa çalışıb və idmançıların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri üçün lazımi şərait yaradılıb. İdmana və idmançılara dövlət səviyyəsində diqqətin nəticəsidir ki, bu gün Azərbaycan idmançıları, xüsusən güləşçilər ən mötəbər beynəlxalq yarışlarda daim ilk üçlükdə qərarlaşırlar. Sizin öhdənizə isə bu ənənəni qoruyub saxlamaq və daha da inkişaf etdirmək vəzifəsi düşür".

Azərbaycan çempionatının qalib və mükafatçısı olmuş hər bir idmançıya uğurlar arzulayan S.Ələkbərov qələbəyə gedən yolun nizam-intizamdan və yüksək hazırlıqdan keçdiyini xüsusi vurğulayıb: "Artıq növbəti ilin ilk aylarından hazırlıq üzrə təlim-məşq toplanışlarınız başlayacaq. Bu yarış artıq geridə qaldı. Sizin hər biriniz çalışmalısınız ki, keçirilən təlim-məşq toplanışlarında məşqçilərin tapşırıqlarına əməl edib, öz üzərinizdə çalışıb qələbəyə köklənəsiniz. Bunun üçün təbii ki, nizam-intizama da xüsusi diqqət yetirməlisiniz. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının iştirakçıları sizin aranızdadır".

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov da idmançılar və federasiya rəhbərliyi qarşısında çıxış edib. O, bildirib ki, bu günə qədər olduğu kimi bundan sonra da onlara göstərilən etimadı doğrultmaq üçün çalışacaqlar: "Biz hər zaman dövlətimizin və federasiyamızın dəstəyini üzərimizdə hiss etmişik. Bu gün də hiss edirik. Biz də çalışırıq ki, ölkəmizi, bayrağımızı layiqincə təmsil edək. Bunun üçün əlimizdən gələn nə varsa edirik və edəcəyik. Azərbaycan çempionatının nəticələrinə görə, yığma komandamızın yeni heyəti formalaşdı. Qarşıdakı yarışlarda hər bir komanda üzvünü sınaqdan keçirəcək, Avropa və dünya çempionatlarının heyətini müəyyənləşdirəcəyik".

Qeyd edək ki, 14 - 18 dekabrda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Dünya Güləş Birliyinin yeni qaydalarına uyğun təşkil olunmuş çempionatda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 10 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. On çəki dərəcəsi üzrə ilk 3 yeri tutmuş idmançılar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və 2018-ci il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi