Yuxarı

Rusiya millisinin böyük məşqçisi: “Hacı Əliyev mənim tələbəmdir” - MÜSAHİBƏ

Rusiya millisinin böyük məşqçisi: “Hacı Əliyev mənim tələbəmdir” - MÜSAHİBƏ

Sərbəst və qadın güləş üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi, hazırda Rusiyanın qadınlardan ibarət yığmasının isə böyük məşqçisi olan Semyon Çterev “Report”un dünya çempionatı üçün Nur-Sultana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- Rusiya millisində işləriniz necə gedir? 

- Bilmirəm, yəqin ki, yaxşı gedir. Bütün qızlar mübarizə aparırlar, bu da xoşuma gəlir. Əlbəttə, ürəyimcə olmayan məqamlar da var. Bütün idmançılar “3-lüy”ə düşmürlər ki... İşimiz çoxdur. Dünya çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya verir. Vəsiqələri qazanandan sonra hazırlığa başlayacağıq.

- Rusiya mətbuatı yazmışdı ki, qadın güləşi üzrə yığmada problem olduğu üçün sizi dəvət ediblər... 

- Əlbəttə, problem olanda, mütəxəssis çağırırlar ki, kömək etsin (gülür). Bu, normal haldır. Çünki bizim qadın güləşçilər 2 ildir dünya çempionatında medal qazana bilmirdilər.

- Rusiya yığmasının heyətində Azərbaycan əsilli Xanım Vəliyeva da var... 

- Bəli, gənc güləşçidir. Vəliyeva bu gün güləşəcək. O, Rusiyada doğulub, xeyli vaxtdır komandadadır. Azərbaycan millisinin üzvü Elis Manolovanı məğlub edən İnna Trajukova da gəncdir, amma təcrübəlidir, Avropa çempionu olub. Lakin üzərində işləməli olduğu səhvləri var.

- Azərbaycanın sərbəst güləşçiləri ilə bağlı proqnozunuz nədir?

- Azərbaycanın 2 il sərbəst güləş üzrə yığmasında, 3 il isə qadın komandasında işləmişəm. Sərbəst güləş yığması mənim komandamdır. Hacı Əliyev mənim tələbəmdir. Deyə bilərəm ki, dünya və Avropa çempionu olmaq üçün ona kömək etdim. Buna qədər çempion olmamışdı. Mən gələndən bir il sonra istəyinə nail oldu. İki il sərbəst güləşdə işləyəndən sonra qadınlardan ibarət komanda ilə olimpiadaya iki medal qazandıq, bir idmançımız isə 3-cü yer uğrunda görüşdə uduzudu.

- Sərbəst güləş üzrə Azərbaycan millisinin rusiyalı baş məşqçisi Saypulla Absaidov son anda dünya çempionatına gəlmədi. Deyəsən, yığmadan qaçıb... 

- Absaidovu yaxşı tanıyıram. Azərbaycan millisində nələrin baş verməsindən xəbərsizəm.

- Püşkə əsasən, Hacı Əliyev (65 kq) dünya çempionatında ilk görüşünü Rusiya təmsilçisi Hacımurad Raşidova qarşı keçirəcək. Bunu bilərəkdən təşkil edə bilərlər? 

- Hər kəs çox söz deyə bilər. Amma mən heç nə söyləyə bilmərəm (gülür).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi