Yuxarı

Rusiya millisinin baş məşqçisi: "Hacı Əliyev döşəkdən daha tez çıxmışdı" - MÜSAHİBƏ

Rusiya millisinin baş məşqçisi: "Hacı Əliyev döşəkdən daha tez çıxmışdı" - MÜSAHİBƏ

Sərbəst güləş üzrə Rusiya milli komandasının baş məşqçisi Campolad Tedeyevin “Report”un dünya çempionatı üçün Qazaxıstanın paytaxtı Nur-Sultana ezam olunmuş əməkdaşına müsahibəsi...

- Güləşçilərinizin bugünkü çıxışlarını necə dəyərləndirirsiniz?

- Sabah hər iki çəki dərəcəsindəki güləşçimiz finalda mübarizə aparacaq. Bu həm Zavur Uquyev, həm də Hacımurad Rəşidovun yaxşı idman formasında olduqlarını göstərir. Əlbəttə, çox çətin idi. Çünki püşk güləşçilərimizə ağır rəqiblər qismət etmişdi. Rəşidov ilk görüşündə 3 qat dünya çempionunuz Hacı Əliyevlə mübarizə apardı. Uquyev isə ikinci görüşündə daha bir azərbaycanlı pəhləvan, "Minsk 2019" II Avropa Oyunlarında uduzduğu Mahir Əmiraslanovla qarşılaşdı. Hər iki güləşçimiz görüşlərini qələbə ilə başa vurdu. Demək olar ki, bütün görüşlərdən qalib ayrılmışıq. Çünki 57 kq və 65 kq-dakı liderlərin hamısı bizim qrupda idi. Güclülərin hamısını üstələdik. Bu, bir daha uşaqların çox yaxşı idman formasında olduqlarını göstərir. Düşünürəm ki, sabahkı finallarda da azarkeşlərimizə yaxşı sürprizlər edəcəyik.

- Necə hesab edirsiniz: Püşkatmanın nəticəsi, yəni Azərbaycan və Rusiya təmsilçilərinin bir-birilərinə erkən mərhələlərdə rəqib olmaları təsadüfidir?

- Bu püşk təsadüfi deyil, bilərəkdən belə edirlər. Çünki fikrimcə, ən yaxşı püşkatma hər bir ölkənin nümayəndəsinin özünün püşkü götürüb açmasıdır. Bu, kompüter vasitəsilə yox, əllə edilməlidir. Bu, ən obyektiv və ədalətli püşkdür. Kompüter vasitəsilə püşkatmadan şübhələnirik. Bunu bütün məşqçilər, ölkələrin nümayəndələri deyirlər. Özüm də belə eşitmişəm.

- Sizcə, bunu Azərbaycanın Rusiyaya, yoxsa Rusiyanın Azərbaycana erkən rəqib olması üçün etmişdilər? 

- Söhbət bunda yox, bütün güclülərin bir yerə düşməsindədir. Məqsəd digər qrupdakı zəif güləşçilərə olimpiadaya vəsiqə şansı yaratmaqdır. Hər şey sadədir.

- Hacımurad Rəşidov - Hacı Əliyev görüşündəki mübahisəli epizodu necə dəyərləndirirsiniz? 

- Son saniyələrdə baş vermiş epizodda Əliyevə 2 xalın verilməsinə etirazımızı bildirdik. Hakimlər baxdılar və obyektiv qərar verdilər.

- Siz bu qərarı obyektiv hesab edirsiniz? 

- Bəli, mən tərəfdən obyektivdir. Siz tərəfdən, yəqin ki, özünüzün həqiqətləriniz var (gülür). Axı hakimlər biz yox, onlardır. Onlar öz işlərinin peşəkarıdırlar. Qaydalara görə, kim tez çıxırsa, xal əks tərəfə verilir. Həmin epizodda isə Əliyev döşəkdən daha tez çıxmışdı. Mən vəziyyəti belə dəyərləndirə bilərəm.

- Amma özü bu qərarla razılaşmayaraq kəskin etiraz etdi... 

- İdmançılar da özlərini düşünürlər. Amma qərarı onlar yox, hakimlər verirlər. Mən imkan vermərəm ki, güləşçim elə hərəkət etsin. Hakim görüşü başa vurduqdan sonra rəqib tərəfi təbrik edib getmək lazımdır.

- Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun yarımfinal qarşılaşmalarından sonra sizinlə görüşdüyünü gördük... 

- Biz finala çıxanda sizin bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak şansınız yaranır. Federasiyanızın rəsmisi bizi finaladək irəlilədiyimiz üçün təbrik etdi, medal şanslarının yarandığını bildirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi