Ramiz Ramizzadə: “Komanda hesabında ikinci olmağımız cüdomuzun yüksəlişindən xəbər verir”

Ramiz Ramizzadə: “Komanda hesabında ikinci olmağımız cüdomuzun yüksəlişindən xəbər verir” “Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxdı. Əgər finalda yüngül və ya orta çəki dərəcələri ilə mübarizəyə başlasaydıq, sözsüz ki, qızıl medal bizim olacaqdı”.
Fərdi
1 Oktyabr , 2019 08:10
Ramiz Ramizzadə: “Komanda hesabında ikinci olmağımız cüdomuzun yüksəlişindən xəbər verir”

“Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxdı. Əgər finalda yüngül və ya orta çəki dərəcələri ilə mübarizəyə başlasaydıq, sözsüz ki, qızıl medal bizim olacaqdı”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın yeniyetmə cüdoçularının baş məşqçisi Ramiz Ramizzadə deyib. 

Onun sözlərinə görə, ən gərgin keçən görüş Rusiya yığması ilə olub: “İlk görüşümüz Çin Taypeyi yığması ilə keçirildi. Onları 4:3 hesabı ilə yendik. Avstriya millisini 4:0 hesabı ilə məğlub etdik. Ən gərgin görüşümüz isə Rusiya komandası ilə oldu. Hesabda 3:0 geri olsaq da, sonda rəqibi 4:3 hesabı ilə üstələməyi bacardıq. 

Finalda isə Yaponiya komandası ilə qarşılaşdıq. Əslində bu rəqibi də məğlub edərdik. Sadəcə, mübarizəyə ağır çəki dərəcəsindən başlanıldı. Əgər mübarizəyə yüngül və ya orta çəkilərlə başlasaydıq, sizi əmin edirəm ki, qızıl medal bizim olacaqdı. Yenə şükür ki, yeniyetmələrdən ibarət millimiz əla nəticəyə imza ataraq gümüş medal qazandı. Uğurlarımızın başında ölkə rəhbərliyinin və federasiyanın diqqəti durur. Belə ki, il boyu yığma üçün təşkil edilən təlim-məşq toplantıları bizə daha motivasiya verib. Xalqımıza söz veririk ki, gümüş medalə növbəti dünya çempionatında qızılla əvəz edəcəyik".

Baş məşqçi onu da bildirib ki, yarışda bir neçə çəkidə çıxış edən idmançılardan uğurlu nəticə gözlənilsə də, onlar ümidləri doğrultmayıblar. Bunun da müəyyən səbəbləri var: “Builki komandamız Avropa birinciliyində, eləcə də Bakıda keçirilən ilk Avropa Oyunlarında uğurlu çıxış edib. 55, 60, 66, 73 kiloqramda və ağır çəkidə çıxış edən idmançılarımızdan medal gözləyirdik. Bildiyiniz kimi, bunlardan yalnız 60 kq-da Kamran Süleymanov gümüş, olimpiya çempionumuz, 73 kq çəki dərəcəsində isə Vüqar Talıbov bürünc medal qazandı. Medal gözləntilərimizn özünün doğrultmamasına səbəb çəki dəyişdirilməsi oldu. 

Dünya birinciliyi həmişə avqustda bitir. Lakin yalnız bu il yarışın vaxtı dəyişdirildi və başqa ölkəyə salındı. Təbii ki, bu da çəki problemlərinə səbəb oldu. İdmançılarımız çəki salmaqda çətinlik çəkdilər. Eyni zamanda, 60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramovun belində zədəsi var idi, biz onu zədəli halda yarışa aparmışdıq. Bu da yarışda öz sözünü dedi və 5-ci yerlə kifayətlənməli olduq. 

Biz 60 və 73 kq çəki dərəcələrində ən azı qızıl medal gözləyirdik. Vüqar isə çəki məsələsinə görə, bürünc qazandı, yoxsa o, sözsüz ki, Vətənə qızıl medalla dönəcəkdi. Yenə də buna da şükür ki, vətənə əliboş gəlmədik". 

Son xəbərlər

Orphus sistemi