Yuxarı

Rafiq Hüseynov: "Mənim ən böyük uğurum Avropa çempionluğudur"

​Rafiq Hüseynov: "Mənim ən böyük uğurum Avropa çempionluğudur"
© Foto: "Report"

"Hər ikimiz qızıl medal istəyirdik. Finalda hansımızsa uduzmalı idik. Təəssüf ki, həmin şəxs mən oldum. Sonadək vuruşsam da, məğlub oldum. Bacara bilmədim".

Bunu Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında gümüş medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov "Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

Səksən iki kq çəki dərəcəsində yer alan 31 yaşlı idmançı finalda yenildiyi gürcüstanlı Laşa Qobadzenin əvvəllər Avropa çempionu və dünya çempionatının mükafatçısı olduğunu xatırladıb. O, karyerasının ən böyük nailiyyətinə imza atması fikri ilə razılaşmayıb: "Mənim ən böyük uğurum Avropa çempionluğudur. Dünya çempionatının medalına isə həsrət idik. 2009-cu ildən mundiallara qatılsam da, medalsız qalırdım. Onu da Allah bu dəfə qismət etdi. Hər halda medalsız qalmamışam. Görüş bitdikdən sonra özbəkistanlı həmkarım özünün medalsız qaldığını xatırladaraq mənə təsəlli verdi. Əlbəttə, sevinirəm. Medal - medaldır".

Qeyd edək ki, Rafiq Hüseynov Avropa çempionluğunu 2011-ci ildə Almaniyanın Dortmund şəhərində 74 kq çəki dərəcəsində qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi