Yuxarı

Rafael Ağayev və İrina Zaretska "Grand Winners" mükafatına layiq görülüblər

Rafael Ağayev və İrina Zaretska "Grand Winners" mükafatına layiq görülüblər

Dünya Karate Federasiyası (WKF) İspaniyanın paytaxtı Madriddə Karate 1 Premyer Liqa turnirinin nəticələrindən sonra ənənəvi "Grand Winners" mükafatının sahiblərini elan edib.

"Report" xəbər verir ki, hər kateqoriyada ən yüksək nəticə göstərən idmançılar arasında dünya şöhrətli Azərbaycan karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) da var. Son dünya çempionu və olimpiya reytinqinin lideri İ.Zaretska bir-birinin ardınca Tokio, Moskva və Madrid mərhələsində qələbəsi, eləcə də Dubay Premyer Liqasında, İstanbulda Seriya A turnirində və Minskdə Avropa Oyunlarında gümüş medalları ilə ikinci dəfədir ki, "Böyük qaliblər" mükafatına sahib olur. "Yaxşıların yaxşısı" titulunu 2 il əvvəl də qazanan idmançımız gələn mövsüm xüsusi qızılı saplarla işarələnmiş karateçi geyimi ilə tatamiyə çıxacaq.

Beş qat dünya və on iki dəfə Avropa çempionu R.Ağayev isə ardıcıl ikinci ildir "Grand Winners" mükafatnı qazanır. Tanınmış karateçi bu mövsümdə Premyer Liqa yarışlarında Moskvada çempionluqdan əlavə, Paris və Tokioda gümüş medal, Dubay və Rabatda isə bürünc mükafata sahib olub. Bundan başqa, R.Ağayev İspaniyada Avropa ikincisi və Belarusda Avropa Oyunlarının gümüş mükafatçısı olub.

Mövsümün nəticələrinə əsasən, "Grand Winners" mükafatının digər sahiblərinə gəlincə, qadınlar arasında Sandra Sançes (kata, İspaniya), Serap Özçelik (50 kq, Türkiyə), Anjelika Terlyuqa (55 kq, Ukrayna), Syoyan İn (61 kq, Çin) və Ayumi Uyekusa (+68 kq, Yaponiya), həmçinin kişilərdən Rio Kyuna (kata, Yaponiya), Darxan Assadilov (60 kq, Qazaxıstan), Stiven Dakosta (67 kq, Fransa), Uğur Aktaş (84 kq, Türkiyə) və Sacad Ganczadə (+84 kq, İran) var.

Fərqlənən karateçilərə mükafatlar 24 - 26 yanvar 2020-ci ildə Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi